“Azərbaycan məktəbi” təhsilin inkişafında mühüm rol oynayıb - Nazir
"Azərbaycan məktəbi" jurnalı uzun illər ərzində Azərbaycan təhsilinin inkişafında mühüm rol oynayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu "Azərbaycan məktəbi" jurnalının yüzilliyinə həsr edilmiş "Azərbaycan məktəbi 100" adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, jurnal təhsil sahəsində cərəyan edən prosesləri, yenilikləri və problemləri işıqlandırmaqla yanaşı, maarifçilik missiyasını da layiqincə yerinə yetirib: “Burada çalışmaq, jurnalın bir parçası olmaq, hər bir əməkdaş üçün böyük məsuliyyət və fəxrdir. Tarixə nəzər saldıqda görürük ki, təhsil sistemimiz bir əsr ərzində müxtəlif mərhələlərdən keçib. Xüsusilə müstəqillik dövründə bu sistemdə bir sıra islahatlar aparılıb, müasir standartlara uyğun təhsil modeli qurulub. Bu illər ərzində Azərbaycan təhsili həm maddi-texniki baza, həm də kadr potensialı baxımından ciddi irəliləyişlər əldə edib”.
Nazir "Azərbaycan məktəbi" jurnalının uğurunun həm də tarixi köklərə bağlı olduğunu söyləyib.



