Azərbaycan Tələbə Liqasının qalibləri məlum oldu
Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün bağlanış mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə baş tutub.
Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin nümayəndələri, tələbə komandaları, idman ictimaiyyətinin üzvləri və media nümayəndələri iştirak ediblər.
Final qarşılaşmasında Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin və Azərbaycan İdman Akademiyasının komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunun yekununda Azərbaycan İdman Akademiyasının komandası 6:0 hesabı ilə qalib gələrək Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün çempionu olub.
Yarışın nəticələrinə əsasən,
II yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti, III yeri Bakı Dövlət Universitetinin komandası tutub.
Bağlanış mərasimində qalib gələn və fərqlənən idmançılar təltif olunublar. Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası 2023-cü ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə 29 noyabr 2024-cü il tarixdə start verilib və liqada 12 ali təhsil müəssisəsi mübarizə aparıb.



