Azərbaycanda memarlıq təhsilinin konseptual transformasiyası: Dəyərlər, çağırışlar, perspektivlər
Fakültə olaraq biz təkcə kadr yetişdirməklə kifayətlənmirik. Hələ uzun illər əvvəl, digər ali məktəblər memarlıq təhsilinə yeni başladığı vaxtlarda da Azərbaycanda memarlıq üzrə sistemli və elmi əsaslara söykənən tədris ənənəsini biz qurmuşuq.
Cənab Prezidentin, Ali Baş Komandan İlham Əliyevin “...Əziz Şuşa, biz səni dirçəldəcəyik” ifadəsini səsləndirdiyi tarixi bəyanat bizim üçün bir siqnal oldu. 2021-ci ildə Beynəlxalq abidələr gününə həsr olunmuş “Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələri”nin təqdimat mərasimini keçirdik. Bu layihədə Şuşanın ayrı-ayrı memarlıq abidələrinin arxivlərdən eskizləri, cizgiləri, fotoşəkilləri və s. kimi məlumatlar götürülərək onların tarixi, memarlıq-dekorativ xüsusuyyətləri tədqiq edilib, internet resursları vasitəsilə indiki vəziyyəti araşdırılıb və eskiz-bərpa layihələri işlənib. Sonra biz Şuşaya və Ağdama səfər etdik. “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsində işləyən tələbələrimizi Ağdama, “Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz” layihələrində işləyən tələbələrimizi isə Şuşaya apardıq. Onlar yeni nəfəs verdikləri o abidələri, tikililəri öz gözləri ilə gördülər, əlləri ilə toxundular, nə qədər şərəfli bir işlə məşğul olduqlarını bir daha hiss etdilər.
Əvvəli qəzetin 24 yanvar tarixli sayında
Azad olunmuş ərazilərdə bu gün gerçəkləşən şəhərsalma layihələri artıq təkcə fiziki bərpa deyil, həm də milli kimliyin, tarixi yaddaşın və müasir memarlığın harmoniyasını əks etdirən unikal nümunələrdir. Ağalı “ağıllı kənd” konsepti, Füzuli və Laçın şəhərlərinin baş planları, Şuşada tarixi irsin qorunması ilə yanaşı, müasir tələblərə cavab verən məkanların yaradılması - bunların hər birində memar məzunlarımızın imzası var.
Bizim üçün xüsusilə qürurverici məqamlardan biri də budur ki, bu layihələrdə çalışan memarlar yalnız texniki icraçı deyil, həm də məkanın ruhunu anlayan, onun tarixi-mədəni kontekstinə həssas yanaşan yaradıcı peşə sahibləridir. Azad olunmuş ərazilərdə baş verən memarlıq inkişafı təkcə tikinti və layihələndirmə deyil, fakültənin illərlə formalaşdırdığı peşəkarlığın, milli məsuliyyətin və qabaqcıl memarlıq dünyagörüşünün təcəssümüdür.
2017-ci ildən “Şəhərsalma” ixtisası üzrə mütəxəssis hazırlığına başlamağımız Azərbaycan üçün çox vacib və vaxtında atılmış strateji addım oldu. Çünki ölkəmiz sürətlə urbanizasiya mərhələsinə daxil olurdu və bu prosesin elmi əsaslarla, planlı və davamlı şəkildə idarə olunması zərurəti yaranmışdı. Eyni zamanda, ərazilərin bərpası, regional inkişaf strategiyalarının hazırlanması, ekoloji və sosial baxımdan dayanıqlı şəhər mühitlərinin qurulması üçün artıq sadəcə memar və mühəndis deyil, məhz şəhərsalma üzrə ixtisaslaşmış mütəxəssislərə ehtiyac duyulurdu.
Azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri bu ehtiyacın nə qədər real və vacib olduğunu bir daha sübut etdi. Bu gün biz həm şəhər planlaması, həm infrastrukturun bölgə xüsusiyyətlərinə uyğunlaşdırılması, həm də ekoloji tarazlığın qorunması məsələlərində professional yanaşmanın nə qədər önəmli olduğunu yaşayaraq görürük. Məhz bu səbəbdən "Şəhərsalma" ixtisası üzrə yetişdirdiyimiz gənclər həm bu günə, həm də gələcəyə cavab verəcək bilik və bacarıqlara sahib olmalıdırlar. Memarlıq fakültəsi bu istiqamətdə də məsuliyyəti üzərinə götürdü və bu gün artıq ölkəmizdə şəhərsalma sahəsində düşünən, araşdıran və tətbiq edən yeni nəsil formalaşmağa başlayıb. Bu isə Azərbaycanın gələcək şəhər mühitlərinin daha sağlam, funksional və insan yönümlü olmasına zəmanət verir.
Memarlıq fakültəsi daim beynəlxalq inteqrasiyaya xüsusi önəm verir. UNESCO, İtaliya, Avstriya, Fransa, ABŞ və digər ölkələrin aparıcı memarlıq məktəbləri ilə əməkdaşlıq artıq uzun illərə söykənir. Son illər Türkiyə ilə də sağlam və faydalı əlaqələr qururuq. Bu əməkdaşlıqların həm tələbələrimiz, həm də müəllim heyətimiz üçün çoxşaxəli faydaları olub. İlk növbədə, bu əlaqələr vasitəsilə biz tədris prosesini qlobal miqyasda qəbul edilən meyarlarla uyğunlaşdırmışıq. Müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq layihələr, yay məktəbləri, ustad dərsləri və vörkşoplarda iştirak müəllim və tələbələrimizin dünyagörüşünü genişləndirir, yeni yanaşmalarla tanış olmağa şərait yaradır. Bu cür təcrübə mübadiləsi təkcə nəzəri biliklərin deyil, həm də praktiki bacarıqların inkişafı üçün mühüm platformadır.
Tələbələrimiz üçün bu əməkdaşlıqlar beynəlxalq layihələrdə iştirak və portfoliolarının zənginləşdirilməsi deməkdir. Bu gün artıq bizim tələbələrimiz Fransanın fərqli şəhərlərində və Şərqi Avropa ölkələrində, Florensiyada, Kopenhagendə keçirilən beynəlxalq tədbirlərdə AzMİU-nu təmsil edirlər. Yavər Rzayev, Zaur Qurbanəliyev, Sayilə Əliyeva kimi məzunlarımız ABŞ-də, Üzeyir Qasımov isə İtaliyada tələb olunan memar statusu qazanmışdır. Müəllim heyətimiz üçün isə bu əlaqələr elmi-tədqiqatların genişləndirilməsi, birgə nəşrlər, konfrans çıxışları və yeni tədris metodlarının tətbiqi baxımından böyük imkanlar açır. Eyni zamanda, bu əməkdaşlıqlar sayəsində biz fakültədə beynəlxalq ekspertləri, xarici memarlıq məktəblərinin tanınmış nümayəndələrini tez-tez qonaq edirik. Bu isə təhsilin keyfiyyətinə, tələbələrin motivasiyasına və ümumilikdə fakültənin akademik mühitinə çox müsbət təsir göstərir. Məqsədimiz daim açıq, qlobal və gələcəyə yönəlmiş bir memarlıq məktəbi olmaqdır.
Fakültə məzunlarının buraxılış işlərinin müsabiqələrində əldə etdiyi uğurlar, ilk növbədə, burada verilən memarlıq təhsilinin yüksək səviyyəsinin və beynəlxalq tələblərə uyğunluğunun bariz göstəricisidir. Bu uğurlar təsadüfi deyil - onların arxasında ciddi tədris strategiyası, uzunmüddətli akademik zəhmət, metodik hazırlıq və layihə əsaslı düşüncə tərzinin formalaşdırılması dayanır. Buraxılış işlərində tələbələr yalnız nəzəri biliklərini yox, həm də dörd il ərzində qazandıqları praktiki bacarıqları, analitik və yaradıcı düşüncə imkanlarını birləşdirirlər.
Bu ilin əvvəlində Şəhərsalma və Arxitektura Komitəsinin “Təməl” müsabiqəsinin təqdimatında çox qürurverici anlar yaşandı: demək olar ki, bütün nominasiyalar üzrə qalib yerləri bizim məzunlarımız qazandı. Laçın rayonu, Minkənd kəndinin yenidən qurulması, “Xankəndi şəhəri, təhsil elm və mədəniyyət binasının fasadının yenidən qurulması”, Bakı şəhəri, “Mərkəzi Nəbatat Bağının yenidənqurma”, Cəbrayıl şəhərində məscid, Laçın Beynəlxalq Hava Limanının layihələri səhnədə qalib elan olunanda çox böyük qürur hissi keçirdik. Qaliblər son 10-20 ildə fakültəmizi bitirən istedadlı məzunlarımızdır.
Əlbəttə ki, bunlar yeganə nümunələr deyil. İllərdir tələbələrimizin işləri dünyanın müxtəlif nüfuzlu müsabiqələrində fəxri yerlərə layiq görülürsə, bu, həm də onların qlobal memarlıq auditoriyası tərəfindən qəbul edildiyinin, beynəlxalq platformalarda öz sözünü deyə biləcək gənc memarlar yetişdirə bildiyimizin, tədris sistemimiz artıq lokal çərçivədən çıxmasının sübutudur. Bu, həm də müəllim kollektivi üçün böyük qürur mənbəyidir, çünki bu uğurlar eyni zamanda müəllimlərin peşəkarlığının, onların tələbələrə necə istiqamət verdiklərinin nəticəsidir.
Bu məqsədlə fakültədə layihə studiyalarında real kontekstlərə əsaslanan tapşırıqlar, şəhərsalmaya dair praktiki simulyasiyalar və yerli-əcnəbi mütəxəssislərin iştirakı ilə ustad dərsləri təşkil olunur. Bu, yanaşma tələbələrin problem həlletmə qabiliyyətini, komanda işinə uyğunlaşmasını və peşəkar münasibətlərini formalaşdırır.
Eyni zamanda bu il, universitetimizin 50 illiyi ərəfəsində fakültədə çox faydalı layihəyə start verilmişdir - tələbələrimizin tanınmış memarların layihə studiyaları ilə tanışlığı və yerində master-klasların təşkili. Burada tələbələrimiz real iş mühiti ilə təmasda olur, ölkənin ən nüfuzlu və gənc memarlarının layihələri, iş prinsipləri, yanaşmaları ilə tanış olur, ünsiyyət qururlar. Qısa müddətdə əməkdar memarlar Elbay Qasımzadə, Nəriman İmaməliyev, Xəlil Cəfərov kimi peşəkar, eyni zamanda MANARCH, Büro-mühit və Dizayn-büro kimi gənc memarların rəhbərlik etdiyi studiyalara səfərlər xüsusi qeyd olunmalıdır.
AzMİU-nun Memarlıq fakültəsində tətbiq olunmuş beynəlxalq təcrübələrə gəldikdə isə əlbəttə ki, biz bu təcrübələri olduğu kimi tətbiq etmirik. Biz ən yaxşı təcrübələri öyrənib, analiz edib, mümkün üstünlükləri özümüzə uyğunlaşdırırıq və sonra tətbiq edirik. Bunlar arasında Avropanın qabaqcıl memarlıq məktəblərinin - məsələn, Lissabon, Politecnico di Milano və ya Türkiyənin OTDU, İTU kimi nüfuzlu təhsil ocaqlarının idarəetmə modelləri bizim üçün həm təcrübə, həm də təhlil obyekti olub. Bu məktəblərdə olduğu kimi fakültədə kurikulumlarımızda interdisiplinar yanaşmanı gücləndirmişik, layihə əsaslı təhsilin payını artırmışıq. Məsələn, müəyyən modeldə tələbənin fərdi yaradıcılığı önə çəkilirsə, biz də son illərdə məhz bu istiqamətdə - tələbəyə daha çox azadlıq və məsuliyyət verməklə - fərdi portfolio və kompleks buraxılış layihələri üzərində çalışılır.
Fakültədə idarəetmədə isə şəffaflıq və komandaya əsaslanan qərarvermə sistemi tətbiq edilir. Fakültənin bütün struktur bölmələri qərarların formalaşmasında iştirak edir, müəllimlərin təşəbbüsləri dəstəklənir və dinlənilir. Həm nəzəri, həm praktik, həm də idarəetmə təcrübəsinin bir araya gəlməsi fakültənin inkişafına, beynəlxalq akkreditasiyaların əldə olunmasına və tələbələrimizin uğurlarına birbaşa təsir göstərir. Memarlıq fakültəsi bu balansı qorumağa və daim təkmilləşdirməyə çalışır.
Vurğulamaq istərdik ki, XXI əsrin memarı artıq yalnız estetikaya və texniki biliklərə sahib olan bir peşəkar deyil. Bu günün memarı sosial məsuliyyət daşıyan, ekoloji düşüncəyə malik, texnologiyanı yaradıcılıqla birləşdirə bilən, multidisiplinar yanaşmanı mənimsəmiş və davamlı inkişaf prinsiplərini həyat tərzinə çevirmiş şəxs olmalıdır. O, həm qlobal trendləri, həm də lokal konteksti dərk etməli, şəhərlərin və cəmiyyətlərin ehtiyaclarını görməyi və cavab verməyi bacarmalıdır.
Memarlıq yalnız vizual-estetik təsir gücü ilə deyil, həm də elmi yanaşma, sosial məsuliyyət və dəyərlər sistemi ilə müəyyən olunur. Müasir dövrdə memarın fəaliyyət sahəsi eskiz və maketlərlə məhdudlaşmır; o, paralel olaraq sosiologiya, demoqrafiya, ekologiya, iqtisadiyyat, rəqəmsal texnologiyalar və digər elmlərin kəsişməsində formalaşan biliklərə yiyələnməlidir. Çünki memarlıq mahiyyət etibarilə insan həyatının keyfiyyətini, şəhərlərin funksional davamlılığını və mədəni kimliyin qorunmasını təmin edən kompleks bir sistemdir. Bu sistemdə etik davranış, milli ənənələrə sadiqlik, müəllif hüquqlarına hörmət, ictimai maraqlara xidmət, sosial ədalət və ətraf mühitə həssaslıq kimi dəyərləri və kollektiv əmək vərdişləri memarın peşəkar kimliyini müəyyənləşdirən fundamental prinsiplərdir. Bu yanaşma dayanıqlı şəhər mühitinin formalaşdırılmasının əsas şərtidir.
Dünya memarlığında isə sürətlə dəyişən tendensiyalar - süni intellektdən biomimetikaya, rəqəmsal dizayn alətlərindən ekoloji materiallara qədər innovativ yanaşmalar - memarlığın təkcə texniki deyil, həm də fəlsəfi aspektlərini yenidən düşünməyi zəruri edir. Belə bir şəraitdə gənc memar yalnız yeniliklərə açıq fikirli olmaqla kifayələnməməli, həm də biliklərini inteqrativ müstəvidə tətbiq etməyi bacarmalıdır. Şübhəsizdir ki, bu, memarlığın peşə olmaqdan çıxaraq bir həyat tərzinə, daha dəqiq desək, insanın, şəhərin və bütövlükdə cəmiyyətin gələcəyini formalaşdıran strateji yaradıcılıq missiyasına çevrilməsi deməkdir.
Sonda bir neçə konseptual və praktik təkliflərin yer aldığı çağırış və perspektivləri səsləndirmək istərdim:
1. Layihə əsaslı tədrisi daha da genişləndirmək:
Tələbələr real kontekstdə işləməli, multidissiplinar layihələr həyata keçirməli və fərqli məktəblərin metodlarını sintez etməlidirlər.
Bu, tələbələrin həm texniki, həm estetik, həm də sosial məsuliyyət bacarıqlarını inkişaf etdirəcək.
2. Rəqəmsal texnologiyaların və innovativ vasitələrin tədrisə inteqrasiyasını genişləndirmək;
3D modelləmə, BIM (Building Information Modeling), lazer skanerlər, süni intellekt alətləri, ekoloji simulyasiyalar tədrisə daxil edilməlidir.
Bu, tələbələri qlobal memarlıq standartlarına uyğun yetişdirəcək və müasir praktikaya hazırlayacaq.
3. Milli-mədəni konteksti qoruyan və təşviq edən layihələrə üstünlük vermək:
Tələbələr işğaldan azad edilmiş ərazilərdəki bərpa və şəhərsalma layihələrinə cəlb olunmalıdır.
Bu, həm milli memarlıq irsini qorumağa, həm də tələbələrin vətənpərvərlik və sosial məsuliyyət hissini gücləndirməyə xidmət edəcək.
4. Beynəlxalq inteqrasiya və mübadilə proqramlarını artırmaq:
Xarici universitetlərlə birgə vörkşoplar, yay məktəbləri və qonaq ustad dərsləri daha da genişləndirilməlidir.
Bu, tələbələrin qlobal memarlıq diskursuna inteqrasiya olmasına və Azərbaycan memarlığının beynəlxalq səviyyədə tanınmasına kömək edəcək.
5. Ekoloji və dayanıqlı şəhərsalma yanaşmalarının tədrisə daha geniş inteqrasiyasını təmin etmək:
Urbanizasiya və regional inkişaf planlarında ekoloji balansı, ağıllı şəhər texnologiyalarını və dayanıqlı materialları nəzərə alan layihələr ön plana çıxarılmalıdır.
Bu, memarlığın sosial və ekoloji məsuliyyətini artıracaq, gələcək şəhərlərin sağlam inkişafını təmin edəcək.
6. Tədris proqramlarında multidisiplinar yanaşmanı genişləndirmək:
Memarlıq yalnız estetik və texniki bacarıq deyil, həm də sosial, iqtisadi, ekoloji və texnoloji kontekstdə formalaşan sahə kimi təqdim edilməlidir.
Bu, tələbələrin kompleks düşünmə qabiliyyətini inkişaf etdirəcək və innovativ layihələrin yaranmasını stimullaşdıracaq.
7. Məzunların yerli və beynəlxalq layihələrdə aktiv iştirakını təmin etmək.
Bu, məzun olmağa hazırlaşan, nəzəri bilikləri mənimsəmiş tələbələrin təcrübə zamanı praktiki vərdişlərini daha da möhkəmləndirməyə, fakültə məzunlarını strateji layihələrə cəlb etməyə, onların praktiki təcrübəsini artırmağa və ölkədə memarlığın keyfiyyətini yüksəltməyə, eyni zamanda tərəfdaşlarımızın tədrisə peşəkar ekspert kimi cəlb edilməsinə geniş imkan yaradacaq.
Zahidə MƏMMƏDOVA,
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Memarlıq fakültəsinin dekanı, professor, Əməkdar memar



