Koreyada BMU-İNHA İDP üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib
Koreya (Cənubi) Respublikasında Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, iclasda çıxış edən BMU-nun rektoru Yaqub Piriyev ötən dövrdə proqram çərçivəsində görülən işləri vurğulayıb. BMU-İNHA İDP-nin “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunduğunu xatırladan rektor Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq sərəncamla proqramın icra müddətinin 2030-cu ilədək uzadıldığını bildirib. Qeyd olunub ki, bu, ölkəmizin müasir və innovativ kadr potensialının gücləndirilməsi, eləcə də ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində strateji hədəflərin davamlılığını sübut edir.
Hazırda İDP çərçivəsində 114 tələbənin İNHA Universitetində 4-cü kursda təhsillərini davam etdirdiklərini söyləyən Yaqub Piriyev tələbələrin qarşılaşdığı problemlər, təhsilin təşkili, o cümlədən növbəti məzun buraxılışı məsələlərinə toxunub, onların həlli istiqamətində əməli tədbirlərə başlanılmasının zəruriliyini vurğulayıb.
Sonra iclasın gündəliyinə daxil olan məsələlər barədə BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli geniş təqdimatla çıxış edib. Təqdimatda ötən ilin maliyyə hesabatı, 2026-cı il qəbul cədvəli, TOPİK testinin nəticələri, xüsusi halları olan tələbələr barədə müzakirə, 2025/2026-cı tədris ilinin payız semestri üzrə tədris nəticələri, 2026-cı təqvim ili üzrə planlaşdırılan fəaliyyətlər, həmçinin müqavilənin 2-ci mərhələsi barədə Rəhbər Komitə üzvlərinə məlumat verilib.
Görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, maliyyə-təsərrüfat işləri üzrə prorektoru Mikayıl Zeynalov və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli çıxış ediblər.
Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov və İkili diplom proqramları üzrə layihə rəhbəri Aytən Şadlinskaya isə iclasda onlayn formatda iştirak edərək müzakirələrə qoşulublar.
Digər çıxış və müzakirələrin ardınca müvafiq qərarlar qəbul olunub.
Xatırladaq ki, “İnformasiya texnologiyaları”, “Elektronika mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “İnşaat mühəndisliyi” ixtisasları üzrə icra olunan və 3+1 modelinə əsaslanan BMU-İNHA İDP çərçivəsində ötən ildən etibarən yeni ixtisas istiqamətləri üzrə qəbul aparılır. Hazırda proqram üzrə “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarında tələbə hazırlığı həyata keçirilir.
İDP çərçivəsində hazırda layihənin hər iki mərhələsi üzrə ümumilikdə 329 tələbə təhsil alır. Bu zamana qədər proqramdan 143 nəfər məzun olub. İNHA Universitetində 4-cü tədris ili üzrə təhsil alan 114 tələbə isə bu ilin yay aylarında növbəti məzunlar kimi Azərbaycana dönəcəklər.



