Azərbaycanda rəqəmsal sahə üzrə məzunların sayı tələbatı üstələyir - Rəşad Həsənov

14 May, 2026 - 11:03
Azərbaycanda rəqəmsal sahə üzrə məzunların sayı tələbatı üstələyir - Rəşad Həsənov

“Prezidentin müvafiq sərəncamı ilə Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib. Sənədin əsas istiqamətlərindən biri ölkədə rəqəmsal sahə üzrə kadr potensialının gücləndirilməsidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə birgə aparılan diaqnostika zamanı maraqlı nəticələr ortaya çıxıb. Müəyyən edilib ki, Azərbaycanda bu sahə üzrə məzunların sayı əmək bazarının tələbatını üstələyir. Bir çox məzunlar ixtisasına uyğun iş tapmaqda çətinlik çəkirlər.

Nazir müavininin sözlərinə görə, əsas səbəb təhsilin keyfiyyətinin müasir əmək bazarının tələblərinə tam uyğunlaşmamasıdır:

“Bir çox hallarda tədris prosesində nəzəri biliklər üstünlük təşkil edir, praktik bacarıqlar isə kifayət qədər inkişaf etdirilmir”.

O, bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə birgə bir sıra layihələrin həyata keçirildiyini bildirib. Onlardan biri də bu gün təsis olunan Azərbaycan Mühəndislik və Texnologiya Məktəbidir.

Nazir müavininin fikrincə, layihə iki əsas baxımdan unikaldır. Birincisi, bu layihə Azərbaycanda sənaye və akademiya arasında sıx inteqrasiyanın olduğu ilk təşəbbüslərdən biridir.  ASCO Holdinq tədris prosesinin bütün mərhələlərində tələbə seçimi, tədris müddəti, mentorluq proqramları və təcrübə imkanları daxil olmaqla aktiv iştirak edəcək, həmçinin kurikulumun hazırlanmasına töhfə verəcək.

İkinci unikallıq isə tərəfdaş universitetlə bağlıdır. Layihədə Münhen Texniki Universiteti (Technical University of Munich) iştirak edir. Dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan universitet mütəmadi olaraq qlobal reytinqlərdə ilk 20-liyə daxil olur və Avropanın ən nüfuzlu texniki universitetlərindən sayılır.

Rəşad Həsənov bildirib ki, TUM-un akademik heyətinin kurikulumun hazırlanması və tədris prosesində iştirakı, eləcə də müxtəlif təcrübə proqramlarının təşkili tələbələrin bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verəcək. Ən qabaqcıl tələbələr isə qısamüddətli təhsil proqramları çərçivəsində Münhen Texniki Universitetinin kampusuna dəvət olunacaqlar:

“Bu layihə həm Azərbaycan təhsili, həm də tərəfdaş universitetlər üçün mühüm strateji əhəmiyyət daşıyır”.