Azərbaycanda “Son zəng” çalınır: 116 mindən çox məzun məktəblə vidalaşır

13 İyun, 2026 - 08:20
Azərbaycanda “Son zəng” çalınır: 116 mindən çox məzun məktəblə vidalaşır

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində "Son zəng" qeyd edilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur.

Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlandır.

Cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək ki, onlardan da 11-də bu tədbir ilk dəfə baş tutacaq. Beləliklə, 171 məzun məktəblə vidalaşacaq.

“Son zəng”lə bağlı təlimata görə, tədbir məktəbin həyətində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalı,  ən gec 2 saat ərzində bitməlidir.

Tədbir tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir.

“Son zəng” tədbirində aşağıdakı şəxslər iştirak edə bilər:

1-ci və 11-ci sinif şagirdlərinin valideynləri (qəyyum/himayəçi);

Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);

Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər.

Təlimata görə, şagirdlər tədbirdə məktəbli formasında olmalı, məzunların xarici görünüşü təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır.