Azərbaycanın tarixi-coğrafi irsi rəqəmsal mühitə köçürülür

2 İyul, 2026 - 17:05
Azərbaycanın tarixi-coğrafi irsi rəqəmsal mühitə köçürülür

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Azərbaycan coğrafiya elminin aktual istiqamətlərindən biri olan toponimika sahəsində tədqiqatlar aparılır. Araşdırmalar çərçivəsində ölkənin müxtəlif bölgələrində coğrafi adların mənşəyi, yayılma xüsusiyyətləri və tarixi inkişafı öyrənilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədqiqatlar zamanı oykonimlər (yaşayış məntəqələrinin adları), hidronimlər (su obyektlərinin adları), oronimlər (relyef formalarının adları), mikrotoponimlər və digər coğrafi ad qrupları üzrə geniş məlumat bazası yaradılır.

Tədqiqatların mühüm istiqamətlərindən biri də əldə olunan məlumatların rəqəmsal mühitə inteqrasiyasıdır. Bu məqsədlə sahə materialları sistemləşdirilərək elektron formatda emal olunur, coğrafi informasiya sistemlərinə uyğunlaşdırılır və vahid rəqəmsal toponimik məlumat bazasının formalaşdırılması istiqamətində işlər aparılır. Eyni zamanda, toponimlərin məkan üzrə paylanması təhlil edilir, yayılma arealları müəyyənləşdirilir və gələcək analitik tədqiqatlar üçün zəruri verilənlər bazası hazırlanır.

Mütəxəssislərin sözlərinə görə, həyata keçirilən tədqiqatlar Azərbaycanın tarixi-coğrafi irsinin daha dərindən öyrənilməsinə, milli toponim fondunun zənginləşdirilməsinə və coğrafi adların qorunmasına mühüm töhfə verir.