AzTU-da “Clarivate Günləri” çərçivəsində təlim keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) “Clarivate Günləri” çərçivəsində elmi-tədqiqat fəaliyyətinin səmərəliliyinin artırılmasına həsr olunmuş təlim keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate” şirkətinin birgə təşəbbüsü olan “Clarivate Günləri” proqramı çərçivəsində təşkil olunub.
Məqsəd AzTU əməkdaşlarının beynəlxalq elmi informasiya resursları ilə işləmək bacarıqlarının inkişafı, eləcə də tədqiqat nəticələrinin görünürlüyünün və təsirinin artırılmasına töhfə vermək olub.
Təlim zamanı “Clarivate”in Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyeva və müştəri məmnuniyyəti üzrə meneceri Handan İliç iştirakçılara “Web of Science”, “ProQuest Central” və “Web of Science Research Intelligence” platformalarından səmərəli istifadə imkanları barədə məlumat veriblər. Həmçinin süni intellekt əsaslı həllərin tədqiqat prosesində tətbiqi, elmi məlumatların təhlili və effektiv tədqiqat strategiyasının qurulması ilə bağlı praktiki tövsiyələr təqdim edilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzular ətrafında fikir mübadiləsi aparılıb.




