AzTU-da sənaye doktoranturası ilə bağlı təqdimat keçirilib
Azərbaycan Texniki Universitetinin (AzTU) İsrailin Bar-İlan Universiteti ilə əməkdaşlığı çərçivəsində AzTU ilə birgə həyata keçiriləcək Sənaye Doktoranturası modeli ilə bağlı təqdimat keçirib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, təqdimat mərasimində AzTU-nun və onunla əməkdaşlıq edən sənaye müəssisələrinin nümayəndələri iştirak edib. İştirakçıları salamlayan AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov AzTU və Bar-İlan Universitetinin əməkdaşlığı barədə məlumat verib. Daha sonra Bar-İlan Universitetinin Universitet-Sənaye Əlaqələri üzrə vitse-prezidenti professor Zeev Zalevsky Sənaye Doktoranturası modeli ilə bağlı təqdimatla çıxış edib.
Sənaye Doktoranturası müasir beynəlxalq doktorantura modelidir. Bu model çərçivəsində doktorantura tədqiqatı birbaşa şirkətin real texnoloji, istehsalat və ya idarəetmə məsələsi ilə əlaqələndirilir. Təklif olunan modeldə magistr dərəcəsinə və müvafiq peşəkar təcrübəyə malik şirkət əməkdaşı müəssisə üçün aktual olan mövzu üzrə doktorluq tədqiqatı aparır və bu prosesdə Bar-İlan və AzTU-nun mütəxəssisləri tərəfindən birgə elmi rəhbərlik və ekspert dəstəyi alır.
Sənaye Doktoranturasının şirkətlər üçün yaratdığı imkanlara daxildir:
•texnoloji və istehsalat problemlərinin elmi tədqiqatlar vasitəsilə həlli imkanları;
•perspektivli mühəndis və menecerlərin peşəkar və elmi potensialının artırılması;
•beynəlxalq elmi tədqiqatlara çıxış;
•yeni texnologiyalar, məhsullar və həllər yaratmağa;
•şirkətin öz elmi-tədqiqat və innovasiya potensialını gücləndirməsi.
Təqdimatdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.




