Bacarıqlı, yenilikləri tətbiq edə bilən insan kapitalına ciddi ehtiyac var – Nazir müavini
“Bu gün şəhərlərimizin dayanıqlı inkişafı orada tikilən binaların sayına və yaxud küçələrin uzunluğuna görə ölçülmür. Həmin şəhərdə yaşayan insanların həyat keyfiyyəti göstəriciləri, onların təhsil səviyyəsi, intellektual potensialı ilə ölçülür”.
“Azərbaycan müəllim” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” beynəlxalq konfransında səsləndirib.
Nazir müavini bildirib ki, bütün bu proseslərin mərkəzində insan dayanır və burada əsas meyar məhz insanlar üçün rahat, təhlükəsiz, inklüziv və keyfiyyətli yaşayış mühitinin yaradılmasıdır:
“Bu mənada insan kapitalına diqqət, insan kapitalının formalaşdırılması məsələsi daim aktual olaraq qalır və bütün ölkələrdə bu məsələlərə xüsusi diqqət yetirilir. Müasir bir cəmiyyətin inkişafı onun intellektual səviyyəsindən asılıdır”.
İdris İsayev bu prosesdə təhsilə göstərilən diqqət və qayğının önəmini vurğulayaraq qeyd edib ki, təhsil infrastrukturumuz müasirləşdirilib, təhsilin məzmununun keyfiyyəti artırılıb, beynəlxalq rəqabətqabiliyyətlilik gücləndirilib.
O söyləyib ki, bu gün şəhərlərin davamlı və dayanıqlı inkişafı üçün bilikli, bacarıqlı, yenilikləri və təşəbbüsləri ümumiləşdirib tətbiq edə bilən, kreativ, yaradıcı və innovativ yanaşmaya malik insan kapitalına ciddi ehtiyac var: “Müasir bacarıqlara, o cümlədən rəqəmsal, yaşıl və sosial bacarıqlara malik, nəzəri və praktiki bilikləri mənimsəyə bilən insan resurslarının hazırlanması xüsusi əhəmiyyət daşıyır. Təbii ki, bu ehtiyacı bizim təhsil müəssisələrimiz qarşılamalıdır. Təhsil sistemimizin bu mənada öhdəlikləri böyükdür və düşünürəm ki, təhsil sistemimiz bu proseslərin önündə dayanmalıdır”.



