Bakı məktəbində şagird sinif yoldaşına xəsarət yetirib - Araşdırmalara başlanılıb – YENİLƏNİB

20 Aprel, 2026 - 13:06
Bakı məktəbində şagird sinif yoldaşına xəsarət yetirib

Bu gün saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"2011-ci il təvəllüdlü yeniyetmə (kişi) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", məlumatda qeyd olunub.

13.41

Yasamal rayonu ərazisində yeniyetmələr arasında mübahisə zəminində insidentlə bağlı araşdırma aparılır.

"Azərbaycan müəllimi" APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

13:06

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına  xəsarət yetirib. 

"Azərbaycan müəllimi" Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.