Bakı məktəblərində kağız jurnallar ləğv edilib – Nazirlik rəsmisi
"Bakı məktəblərində kağız jurnallar artıq ləğv edilib".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlaması zamanı deyib.
"Müəllimlər bütün qeydləri və qiymətləndirmə nəticələrini elektron jurnala daxil edirlər. Məktəb rəhbərləri də əmrləri elektron sistem vasitəsilə “Rəqəmsal məktəb” platformasında verirlər. Bu həm kargüzarlığın təkmilləşdirilməsinə, həm də məlumatların daha düzgün idarə olunmasına imkan yaradır”.
O bildirib ki, "Rəqəmsal məktəb" platforması 2025-ci ilin sentyabrından Bakı məktəblərində istifadəyə verilib və hazırda müəllim, şagird, valideyn və məktəb rəhbərlərini vahid sistemdə birləşdirir:
“Platformada istifadəçilər tərəfindən yaradılan məlumatlar əsasında müxtəlif süni intellekt həlləri hazırlayırıq və tətbiq edirik. 2026-cı ilin fevral ayından etibarən müəllimlər üçün bir neçə süni intellekt həlli təqdim olunub. Müəllimlərə dərs planlarının hazırlanması, dərslərin qurulması üçün süni intellekt əsaslı alətlər istifadəyə verilib".
Onun sözlərinə görə, tədris ilinin sonuna yaxın şagirdlər üçün də süni intellekt əsaslı mentor istifadəyə verilib.
“Bu həllər bizə imkan verir ki, eyni platformada həm şagirdlər, həm də müəllimlər üçün faydalı alətlərin sayını artıraq və süni intellekt əsaslı imkanların istifadəsini genişləndirək. Əsas üstünlüklərdən biri məktəb idarəçiliyinin elektron müstəviyə keçirilməsidir.Bir çox sənədləşmə artıq elektron qaydada həyata keçirilir. Bu isə məktəb rəhbərləri, müəllimlər və təhsil sahəsində qərar qəbul edən şəxslərə məlumatlar əsasında qərar vermək imkanı yaradır”.




