Bakı Türk Anadolu Liseyi təmayüllü liseyə çevriləcək

13 Noyabr, 2025 - 10:55
Bakı Türk Anadolu Liseyi təmayüllü liseyə çevriləcək

“Gələcək planlarımız konkret və proqramlaşdırılmış addımlardan ibarətdir. Hazırda fəaliyyətini davam etdirən Bakı Türk Anadolu Liseyini və yeni açılmış Əhmədli filialındakı məktəbi ölkəmizdəki təcrübəyə uyğun şəkildə imtahanla şagird qəbul edən təmayüllü liseylərə – təbiət elmləri liseyi, sosial elmlər liseyi və “xüsusi proqram və layihə” statusuna malik təhsil müəssisələrinə çevirməyi planlaşdırırıq”.

Bunu “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin deyib.
Onun sözlərinə görə, bununla həm akademik nailiyyətləri gücləndirəcək, həm də “Türkiyə Yüzili Maarif Modeli” istiqamətində həyata keçiriləcək proqramlar vasitəsilə şagirdlər bu modelin mahiyyətində duran dəyərlər əsasında yetişdiriləcək. Digər tərəfdən, peşə və texniki təhsil üzrə əməkdaşlıq da prioritetlər sırasındadır:

“Türkiyə-Azərbaycan peşə təhsili sahəsində əməkdaşlıq protokoluna dair Əlavə Protokol”u budəfəki səfərimizdə imzaladıq. Bu çərçivədə Azərbaycandakı mövcud iki məktəbin peşə təhsil müəssisəsi kimi təşkil olunması və türk tərəfinin dəstəyi ilə yeni müəssisələrin açılması barədə razılığa gəldik. 
Əlavədə yer alan “Peşə təhsili müəssisələri çərçivə təlimatı”na uyğun olaraq, birgə təhsil veriləcək müəssisələrdə reallaşdırılacaq fəaliyyətlərin ümumi çərçivəsini müəyyən etdik. Bu müəssisələrdə informasiya texnologiyaları, qonaqpərvərlik və turizm xidmətləri, mebel və interyer dizaynı, moda dizayn texnologiyaları, qida, xidmət sahələri üzrə təhsil veriləcəyi nəzərdə tutulur.

Son səfərimiz zamanı imzaladığımız əlavə protokolla bu prosesi daha da irəliyə apardıq. Beləliklə, həm akademik, həm də peşə sahəsindəki təcrübələrimizi Azərbaycanla paylaşaraq gənclərimizi ortaq hədəflərimiz istiqamətində gələcəyə hazırlamağa davam edəcəyik”.