BANM Özbəkistan universitetləri ilə ikili diplom proqramlarını müzakirə edib

4 İyun, 2026 - 11:57
BANM Özbəkistan universitetləri ilə ikili diplom proqramlarını müzakirə edib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bakı Enerji Həftəsi çərçivəsində Özbəkistanın “Uzbekneftegaz” şirkətinin İdarə heyətinin sədri Abdugani Sanginov ilə görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə SOCAR və "Uzbekneftegaz" arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı və tələbə mübadiləsi imkanları müzakirə edilib. 

Elmar Qasımov bildirib ki, BANM-də təhsil alan özbəkistanlı tələbələr həm akademik göstəriciləri, həm də fəallıqları ilə seçilirlər. O, tələbələrin hərtərəfli inkişafı üçün BANM-də müasir tədris şəraitinin yaradıldığını qeyd edib.

Abdugani Sanginov yüksəkixtisaslı kadrların hazırlanmasında BANM-in rolunu vurğulayıb, BANM məzunlarının, o cümlədən hazırda “Uzbekneftegaz”da çalışan məzunların peşəkar fəaliyyətini yüksək qiymətləndirib.