BANM tələbəsi dünyanın 2-ci ən yaxşı universitetinə qəbul olunub
Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Əflan Bədəlov dünyanın aparıcı ali təhsil müəssisələrindən birinə qəbul olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, o, Böyük Britaniyanın London İmperial Kollecinin “İnvestisiya və vəsaitlərin idarə edilməsi” ixtisası üzrə magistratura pilləsinə qəbul alıb.
Məlumata görə, Əflan Bədəlov Respublika fənn olimpiadalarının üçqat qalibidir. O, 2021-ci ildə 691,2 balla II ixtisas qrupu üzrə BANM-in "Biznesin idarəedilməsi" ixtisasını seçib.
Bildirilib ki, o, blok imtahanlarında maksimal – 400 bal nəticə göstərib və Prezident təqaüdünə layiq görülüb.
Hazırda BANM-də təhsilini fərqlənmə diplomu ilə başa vurmağa yaxın olan Əflan Bədəlov eyni zamanda Kapital Bankda maliyyə mütəxəssisi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, London İmperial Kolleci 2026-cı il üzrə "QS dünya universitetləri reytinqinə" əsasən, dünyanın ən yaxşı universitetləri arasında ikinci yerdə qərarlaşıb.



