Bildilər, bacardılar, qalib oldular – “BilBacar”ın qalibləri danışırlar

2 İyul, 2026 - 10:23
Bildilər, bacardılar, qalib oldular – “BilBacar”ın qalibləri danışırlar

Onların yaşları cəmi doqquz-on olsa da, “BilBacar” müsabiqəsi haqqında elə danışırdılar ki, sanki uzun bir yol qət edib bura gəlib çıxmışdılar. Doğrudan da elə idi. Kimi Gəncədən, kimi Naxçıvandan, kimi isə Bakı məktəbindən “BilBacar”ın qaliblərinin mükafatlandırıldığı səhnəyə gəlmişdi...

Azərbaycanın müxtəlif bölgələrindən gələn III və IV sinif şagirdləri üçün səhnəyə çıxmaq aylarla davam edən zəhmətin bəhrəsini görmək idi. Bu tədris ilində keçirilən müsabiqənin məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaq olub. Müsabiqə çərçivəsində şagirdlər oxuyub-anlama istiqaməti üzrə tapşırıqlarla işləyərək həm biliklərini, həm də rəqəmsal platformada imtahan vermək bacarıqlarını nümayiş etdiriblər.

Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan gələn IV sinif şagirdi Oğuz Əlirza mükafatını almaq üçün uzun yol qət edən qaliblərdən idi. O, müsabiqənin ilk mərhələsini asan hesab etsə də, sonrakı mərhələlərdə sualların çətinləşdiyini deyir. Bəzi səhvləri olub, amma onları öyrənib və növbəti mərhələlərə daha hazırlıqlı çıxıb. Finaldan sonra sinif rəhbərinin “qalib olmusan” xəbərini verməsi isə onun ən yaddaqalan anına çevrilib.

Gələcək peşəsini hələ seçməyib. Amma bir arzusu artıq dəqiqdir. Oğuz vətənpərvər olmaq, xalqına xidmət etmək istəyir.

II yerin sahibi, Bakı şəhəri 171 nömrəli tam orta məktəbin IV sinif şagirdi Aysu Məmmədzadə müsabiqəyə müəlliminin təşviqi ilə qoşulub. Final mərhələsinə vəsiqə qazandığını şəxsi hesabında görəndə keçirdiyi sevinci indi də gülümsəyərək xatırlayır. Onun sözlərinə görə, ilk mərhələnin sualları orta səviyyədə idi, amma final artıq daha ciddi hazırlıq tələb edirdi: “Sonrakı mərhələlər nisbətən daha çətin idi, amma onların da öhdəsindən gələ bildim. Bacardığım qədər cavab verdim və II yerə layiq görüldüm”.

Riyaziyyat isə ən sevdiyi fəndir. Elə buna görə də gələcəkdə riyaziyyat müəllimi olmağı arzulayır.

I yeri qazananlardan biri də Gəncə şəhəri 21 nömrəli tam orta məktəbin III sinif şagirdi Rahilə Mahmudovadır. Yarış haqqında müəllimindən xəbər tutub. İmtahanda bir qədər həyəcanlansa da, oxuyub-anlama tapşırıqlarını uğurla yerinə yetirib. Qalib olduğunu öyrənəndə isə sevinc təkcə onun olmayıb: “Ailəm çox sevindi. Dostlarım da deyirdi ki, kaş onlar da mənim kimi iştirak edib qalib olaydılar”, – deyə Rahilə bildirir.

Rahilə fəxrlə sinif yoldaşları Ramal, Damla və Aylinin adlarını sadalayaraq qeyd etdi ki, sinif yoldaşları da “BilBacar” müsabiqəsində uğur qazanıblar.

O, gələcəkdə həkim olmaq istəyir.

III yerin sahibi, Bakı şəhəri 55 nömrəli tam orta məktəbin III sinif şagirdi Rəhim Laçınov da müsabiqəyə müəlliminin tövsiyəsi ilə qoşulub. Platformada əvvəlcə ilkin mərhələləri keçib, tapşırıqları həll edib. Finalda isə üçüncü yerə layiq görülüb. 

Onun üçün müsabiqədə ən çox yadda qalan tapşırığın “Nils Holgersson” cizgi filmi əsasında hazırlanmış mətn olduğunu deyir. Valideynləri evdə olmayan və heyvanlarla yaxşı davranmayan uşaq haqqında mətni diqqətlə oxuyub, sonra həmin mətn üzrə bütün sualları cavablandırıb.

Gələcəkdə kim olmaq istədiyini soruşanda isə uşaqlara xas səmimiyyətlə cavab verir: “Böyüyəndə diş həkimi olmaq istəyirəm. Çünki diş həkimliyində yaxşı pul var”.

Fərqli bölgələrdən gələn bu uşaqların hekayələri bir-birinə bənzəmir. Amma onları birləşdirən ortaq cəhət var: oxumağı sevmələri, öyrənməkdən zövq almaları və müəllimlərinin dəstəyi ilə özlərinə inanmağı bacarmaları.