Bir foto, bir hekayə, bir həyat: Reza Deqati məktəbdənkənar təhsil müəssisəsinin qonağı olub
Bir foto bəzən minlərlə sözün ifadə edə bilmədiyini danışır. Müharibələrin ağrılarını, insanların ümidlərini, tarixin izlərini və həqiqətlərin gücünü öz obyektivində əks etdirən dünyaşöhrətli fotojurnalist Reza Deqati bu dəfə təcrübəsini və həyat hekayəsini Azərbaycanlı uşaq və yeniyetmələrlə bölüşüb.
IDEA İctimai Birliyi və “Reza Visual Academy”in təşəbbüsü ilə keçirilən “FotoBax” adlı milli fotomüsabiqə çərçivəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində dünyaşöhrətli fotojurnalist Reza Deqati ilə görüş təşkil olunub.
Tədbiri açan Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti qonaqları salamlayaraq belə tədbirlərin uşaqların və yeniyetmələrin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib.
Direktor vurğulayıb ki, Reza Deqatinin həyat yolu və peşəkar fəaliyyəti gənclər üçün əsl örnəkdir. Onun sözlərinə görə, dünya miqyasında tanınan fotojurnalistin müxtəlif münaqişə bölgələrində çəkdiyi fotolar təkcə sənət nümunəsi deyil, həm də tarixi hadisələrin canlı salnaməsidir.
Lalə Qəti Reza Deqatinin Azərbaycana olan sevgisindən danışaraq onun Qarabağ həqiqətlərinin və Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində gördüyü işlərin xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, bu fəaliyyət həm tarixi yaddaşın qorunmasına, həm də həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verir.
Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova belə görüşlərin gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Ayla Həsənova-Məmmədova bildirib ki, Reza Deqatinin yaradıcılığı yalnız fotoqrafiya sənəti ilə məhdudlaşmır. Onun obyektivindən keçən hər bir kadr insan talelərini, müharibələrin ağır nəticələrini, sülhə çağırışı və ümumbəşəri dəyərləri özündə əks etdirir.
O, Reza Deqatinin Azərbaycanla bağlı fəaliyyətini xüsusi vurğulayaraq ki, uzun illərdir Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərdiyini diqqətə çatdırıb.Bildirilib ki, fotojurnalistin Xocalı faciəsi, məcburi köçkünlərin həyatı və işğalın ağır nəticələrini əks etdirən foto və layihələri tarixi həqiqətlərin tanıdılmasında mühüm rol oynayıb.
Çıxış üçün söz alan Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova Reza Deqatinin uzun illərdir təhsil, maarifləndirmə və gənclərin inkişafına yönəlmiş layihələrə xüsusi diqqət ayırdığını bildirib. O qeyd edib ki, dünyaşöhrətli fotojurnalist müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr vasitəsilə uşaqların və gənclərin yaradıcılıq potensialının inkişafına, onların özlərini ifadə etmələrinə və dünyaya fərqli baxış formalaşdırmalarına dəstək göstərib.
Günay Qurbanova vurğulayıb ki, məktəblilər və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri üçün belə görüşlər xüsusi əhəmiyyət daşıyır. Çünki gənclər yalnız peşəkar uğur hekayəsi ilə tanış olmur, eyni zamanda həyat təcrübəsindən, vətəndaş mövqeyindən və bəşəri dəyərlərdən qaynaqlanan mühüm mesajlar əldə edirlər.
Sektor müdiri bildirib ki, Reza Deqatinin foto sənətinə yanaşma tərzi gənclərə bu sənətin cəmiyyətə xidmət edən güclü vasitə olduğunu göstərir. Onun müharibə bölgələrindən, insan talelərindən və müxtəlif mədəniyyətlərdən bəhs edən fotoları gənc nəslin dünyagörüşünün formalaşmasına, humanizm və tolerantlıq dəyərlərinin aşılanmasına töhfə verir.
Çıxışlardan sonra Reza Deqati həyat və yaradıcılığı ilə bağlı təqdimatla çıxış edib. olub. Təqdimatında fotojurnalist dünyanın müxtəlif ölkələrində, xüsusilə müharibə və humanitar böhran bölgələrində həyata keçirdiyi çəkilişlərdən ətraflı bəhs edib.45 illik peşəkar fəaliyyətindən söz açan fotojurnalist müxtəlif müharibə və münaqişə zonalarında çalışarkən məqsədinin təkcə hadisələri lentə almaq deyil, insanların yaşadıqları hissləri, ağrıları və ümidləri dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildirib.
Fotojurnalist Azərbaycanın onun həyatında xüsusi yer tutduğunu vurğulayaraq Qarabağla bağlı həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması istiqamətində gördüyü işlərdən danışıb. O, Xocalı faciəsinin bəşəriyyət üçün unudulmamalı bir dərs olduğunu qeyd edib və fotoqrafiyanın tarixi yaddaşın qorunmasında mühüm rol oynadığını söyləyib.
Reza Deqati belə görüşlərin uşaqlarda yaradıcılığa marağın artırılması, onların istedadlarının üzə çıxarılması və gələcək uğurlarının təşviq olunması baxımından mühüm rol oynadığını qeyd edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Səmimi atmosferdə keçən görüş interaktiv müzakirələrlə davam edib. Şagirdlər fotojurnalistin yaradıcılıq fəaliyyəti, müharibə bölgələrində işləməyin çətinlikləri, peşəkar fotoqrafiyanın incəlikləri və beynəlxalq təcrübəsi ilə bağlı suallar ünvanlayıblar. Reza Deqati gənclərə daim öyrənməyi, müşahidə qabiliyyətlərini inkişaf etdirməyi, dünyaya açıq baxmağı və gördüklərini öz baxış bucaqları ilə ifadə etməyi tövsiyə edib.
Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Foto: Kənan Qafarov




