BMU ilə AZAL arasında əməkdaşlıq layihələri müzakirə edilib
Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarına həsr olunmuş görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə çıxış edən rektor Yaqub Piriyev universitetin inkişaf strategiyasının əsas istiqamətlərindən birinin əmək bazarının müasir tələblərinə cavab verən, yüksəkixtisaslı və innovativ düşüncəyə malik mütəxəssislər hazırlamaq olduğunu deyib.
Rektor qeyd edib ki, yeni sənaye inqilabının çağırışları, rəqəmsal transformasiya prosesləri və süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda informasiya texnologiyaları BMU-da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, bu sahədə tədris proqramlarının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, müasir infrastrukturun yaradılması və sənaye ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl iş aparılır. Yaqub Piriyev universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən də danışaraq bildirib ki, Çin və Cənubi Koreyanın aparıcı ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramları tələbələrə beynəlxalq səviyyədə rəqabətqabiliyyətli bilik və bacarıqlar əldə etmək imkanı yaradır. O, son illər BMU-da elmi fəaliyyətin keyfiyyət göstəricilərinin yüksəldiyini diqqətə çatdıraraq təhsil, elm və sənaye əməkdaşlığının universitetin strateji inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Rektor AZAL ilə əməkdaşlığın mühəndislik və informasiya texnologiyaları üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, tələbələrin peşəkar inkişafına və məşğulluq imkanlarının genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra AZAL-ın İnsan resursları idarəsinin rəis müavini Nigar Orucova və aparıcı mütəxəssisi Əzizbikə Abdullayeva şirkətin universitetlərlə əməkdaşlıq konsepsiyası və planlaşdırılan layihələr barədə təqdimat ediblər. Təqdimatda bildirilib ki, əməkdaşlığın əsas məqsədi aviasiya sahəsi üçün perspektivli texniki kadrların erkən mərhələdə müəyyənləşdirilməsi, təhsil ilə istehsalat arasında əlaqələrin gücləndirilməsi və tələbələr üçün səmərəli karyera keçid mexanizminin formalaşdırılmasıdır.
Görüşdə BMU-da aviasiya mövzusunda mühazirə, seminar və vorkşopların təşkili, “Açıq qapı” günlərinin keçirilməsi, son kurs layihələrinin AZAL-ın fəaliyyət istiqamətlərinə uyğun mövzular üzrə hazırlanması, universitetdə şirkətin “SkyHub” istedad platforması çərçivəsində tələbə səfirlərinin seçilməsi, habelə tələbələrin istehsalat təcrübəsinə cəlb olunması məsələləri müzakirə edilib.
Qeyd olunub ki, “SkyHub” platforması vasitəsilə tələbələrin erkən mərhələdə müəyyənləşdirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və gələcəkdə şirkətin kadr ehtiyatının formalaşdırılması nəzərdə tutulur.
Sonda birgə fəaliyyətin genişləndirilməsi, tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi və əməkdaşlığın konkret fəaliyyət planı əsasında davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.




