BMU tələbəsi beynəlxalq müsabiqədə uğur qazanıb
Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin “Mexanika mühəndisliyi” ixtisasının I kurs tələbəsi Nəzrin Həmidova “Falling Walls Lab Azerbaijan” beynəlxalq müsabiqəsində III yerə layiq görülüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə Azərbaycan Texniki Universiteti və Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə Bakıda ikinci dəfə keçirilib.
Nəzrin Həmidova müsabiqədə “Breaking the Wall of Runway Emissions” başlıqlı SRAF (Sustainable Runway Air Filtration) layihəsi ilə çıxış edib. Layihədə aeroportların uçuş-enmə zolaqlarında yaranan karbon qazı (CO2), metan (CH4) və azot oksidi (N2O) kimi zərərli qazların mikrodalğa desorbsiyası texnologiyası vasitəsilə mənbəyində tutulması və neytrallaşdırılması təklif olunur.
Layihə ekoloji cəhətdən daha dayanıqlı aviasiya həllərinin hazırlanmasına yönəlib. Hazırda layihənin təkmilləşdirilməsi və praktik tətbiqi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Falling Walls Lab” dünyanın 100-dən çox ölkəsində keçirilən beynəlxalq innovasiya platformasıdır. Müsabiqə gənc tədqiqatçılara, innovatorlara elmi ideya və layihələrini üç dəqiqəlik təqdimat formatında beynəlxalq münsiflər heyəti, eləcə də auditoriyaya təqdim etmək imkanı yaradır.




