BŞTİ-də sentyabr konfransı çərçivəsində yekun müşavirə keçirilib

2 Sentyabr, 2026 - 18:31
BŞTİ-də sentyabr konfransı çərçivəsində yekun müşavirə keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) sentyabr konfransı çərçivəsində təhsil müəssisələrinin rəhbərləri və müəllimlərlə təşkil olunan panel müzakirələrin yekunlarına dair müşavirə keçirilib.

BŞTİ-dən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, müşavirədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, İdarənin müdir müavinləri və müvafiq struktur bölmə rəhbərləri, panel müzakirələrin keçirildiyi mərkəzlərin rəhbərləri iştirak ediblər.

Görüş zamanı Sentyabr konfransı çərçivəsində keçirilən panel müzakirələrdə səsləndirilən fikir və təkliflər ümumiləşdirilib, təhsil müəssisələrinin qarşılaşdıqları məsələlər, müəllimlərin təklif və tövsiyələri, eləcə də dəstəyə ehtiyac duyulan istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, panel müzakirələr zamanı səsləndirilən təkliflərdə, xüsusilə təlim nəticələri zəif olan şagirdlərlə iş prosesinə valideynlərin daha fəal cəlb olunması, məktəblərdə dəstəkləyici mühitin daha da inkişaf etdirilməsi, qarşılıqlı dərsdinləmələrin təşkili, təhsil müəssisələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi, məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına yönəlmiş tədbirlərin artırılması, eləcə də məktəbdənkənar fəaliyyətlərin daha səmərəli təşkili və tənzimlənməsi məsələləri diqqətə çatdırılıb.  

Müşavirədə panel müzakirələrin nəticələri bir daha nəzərdən keçirilib və növbəti tədris ili üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Səsləndirilən təkliflər əsasında təhsil müəssisələrində tədrisin keyfiyyətinin daha da yüksəldilməsi və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi ilə bağlı müvafiq istiqamətlər üzrə fəaliyyətlər nəzərdə tutulub. 

Bununla da Bakı şəhəri təhsil işçilərinin üç gün davam edən Sentyabr konfransı başa çatıb.

BŞTİ-də sentyabr konfransı çərçivəsində yekun müşavirə keçirilib
BŞTİ-də sentyabr konfransı çərçivəsində yekun müşavirə keçirilib