Məktəbdənkənar təhsil müəssisələrinin hesabat tədbirləri keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbdənkənar təhsil müəssisələrinin 2025-2026-cı tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbirləri keçirilib.
BŞTİ-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd il ərzində məktəbdənkənar təhsil müəssisələrinin dərnəklərində, yaradıcılıq birliklərində və idman bölmələrində həyata keçirilən fəaliyyətlərin təqdim edilməsi, təhsilalanların əldə etdikləri nailiyyətlərin nümayiş etdirilməsi, onların yaradıcılıq, intellektual və fiziki bacarıqlarının ictimaiyyətə çatdırılmasından ibarət olub.
Valideynlər, pedaqoqlar, ictimaiyyət nümayəndələri və qonaqların iştirakı ilə keçirilən hesabat tədbirlərində uşaqların və yeniyetmələrin şəxsi inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə, sağlam həyat tərzinin təşviqinə və istedadlarının üzə çıxarılmasına yönəlmiş fəaliyyətlərin nəticələri yüksək qiymətləndirilib. Qeyd olunub ki, məktəbdənkənar təhsil müəssisələri təhsilalanların yaradıcılıq potensialının inkişaf etdirilməsi, sosial bacarıqlarının formalaşdırılması, fiziki hazırlıqlarının möhkəmləndirilməsi və onların vətənpərvər, fəal və təşəbbüskar vətəndaş kimi yetişməsində mühüm rol oynayır.
Hesabat tədbirlərində müəssisələrin müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən dərnək və bölmə üzvləri çıxış edərək il ərzində qazandıqları bilik, bacarıq və nailiyyətləri təqdim ediblər.
Tədbirlər çərçivəsində rəsm və digər sənət növlərinə həsr olunmuş sərgilər, musiqi və rəqs nömrələri, teatr səhnəcikləri, elmi-texniki layihələrin təqdimatları ilə yanaşı, müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar, yarış elementləri və təqdimatlar da nümayiş olunub.
Tədbirlər zamanı fərqlənən dərnək və idman bölməsi üzvlərinə Təşəkkürnamələr və Fəxri fərmanlar təqdim olunub, onlara fəaliyyətlərində uğurlar arzulanıb.




