BŞTİ: Təsdiqlənməmiş iddiaların fakt kimi təqdim edilməsi yolverilməzdir
Haqqın.az informasiya portalında "Bakıda İncəsənət Gimnaziyasında şagirdlər bullinq və psixoloji təzyiqə məruz qalır" başlıqlı material (https://haqqin.az/newsarchive/388414) dərc olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, mövzu ilə bağlı verilmiş sorğuya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin cavabında qeyd olunur ki, Azərbaycan Milli Konservatoriyası nəzdindəki incəsənət gimnaziyası ilə bağlı irəli sürülən iddialarla bağlı müvafiq araşdırma aparılıb. Dərs ili ərzində tədris mühiti ciddi şəkildə nəzarətdə saxlanılır. Müraciətdə göstərilən hallar sinif rəhbərləri tərəfindən yazılı şəkildə təkzib edilib. Qeyd olunan iddialar üzrə məktəb psixoloqu tərəfindən aparılmış müşahidələrin nəticələri nəzərə alınmaqla zəruri profilaktik tədbirlər həyata keçirilib.
Həmçinin, araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb. Sözügedən şagirdin qiymətləndirilməsi qanunvericiliyə uyğun şəkildə aparılıb və Pedaqoji Şuranın qərarına əsasən o, yay tədris tapşırığına cəlb edilib.
Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir. Yenidənqurma işləri gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur.
Onu da qeyd edək ki, mediada ayrı-ayrı vətəndaş müraciətləri əsasında təhsil sahəsinə dair təsdiqini tapmamış ittiham və iddiaların bəzən yoxlanılmış fakt kimi ümumiləşdirilərək təqdim edilməsi məktəb və müəllim nüfuzuna xələl gətirən yanaşma kimi qiymətləndirilir. Bu cür hallarda müraciətlərin obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması, nəticələr dəqiqləşdirilmədən ictimai rəy formalaşdıran qəti mülahizələrin irəli sürülməməsi peşəkar jurnalistika prinsipləri baxımından mühüm əhəmiyyət kəsb edir.




