BSU bölgələrdən olan qız abituriyentlərə əlavə təqaüd verəcək
Bakı Slavyan Universiteti (BSU) bölgələrdən olan və yüksək nəticə göstərərək müəllimlik ixtisasını seçən qız abituriyentlər üçün daxili təqaüd proqramı elan edib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, təqaüd proqramı çərçivəsində müəyyən edilmiş bölgələrdən olan, BSU-nun müəllimlik ixtisaslarına qəbul olunan və qəbul imtahanında 500-dən yuxarı bal toplayan abituriyentlər arasından 5 qız tələbəyə daxili təqaüd ayrılacaq.
Proqramın məqsədi bölgələrdə yaşayan, müəllimlik peşəsini seçən istedadlı qızların ali təhsilinə dəstək göstərmək, onların təhsil imkanlarını genişləndirmək, müəllimlik peşəsinə marağını artırmaq və gələcək peşəkar inkişafına töhfə verməkdir.




