Bu gün ənənəvi dərslə nəyəsə nail olmaq çox çətindir – Şuşa məktəbinin müəllimi
“Şuşadan ayrılanda güllü–çiçəkli bir yaz günü idi. Amma topların səsi, güllələrin vıyıltısu bu gözəlliyə elə bir qorxu, elə bir vahimə hopdurmuşdu ki, onu sözlə ifadə etmək olmur. Hələ də o qaçhaqaç, o insanların qışqırtısı gözümün önündən getmir. Anam həyəcanla qışqırırdı, “qızım cəld ol, artıq ermənilər qapımızın bir addımlığındadır. Özümü itirmişdim, Şuşadan, doğma evimizdən getdiyimizi dərk etdiyimə görə için-için ağlayırdım. Ayaqqabımın bir tayını geyinməyə belə macal tapmamışdım. Elə pilləkəndə qaldı. Onda mənim cəmi 10 yaşım vardı”.
Səsi titrəyə-titrəyə bu sözləri bizə söyləyən Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbin müəllimi Türkan Hüseynovadır.
O, Bakıda məskunlaşdıqları, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinə qəbul olunduğu illərdən danışaraq bildirir ki, 2007-ci ildən Şuşa şəhər 9 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 2024-cü ildən isə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə ingilis dilini tədris edir.
– Türkan xanım, siz hansı üsulla dərs keçirsiniz, yeniliklərin tətbiqi hansı səviyyədədir?
– Yeniliklər, təbii ki, köhnə təcrübələrin üzərində bərqərar olur. Yeniliklərin qəbul olunması da insanların təfəkkür səviyyəsindən asılı olur. 18 ildir ki, müəllim işləyirəm. Dərslərimi şagirdyönümlü və interaktiv üsullarla aparır, müxtəlif metodlardan istifadə edirəm. Məqsədim şagirdlərin aktiv dərs prosesində iştirakına nail olmaqdır. Bu gün ənənəvi dərslə nəyəsə nail olmaq çox çətindir. Düşünürəm ki, şagirdlərin dünyagörüşü və informasiya bilikləri daha çoxdur. Bilik əldə etməyin yolları və üsulları olduqca sadələşib. Bu vacib məsələlərə görə şagirdin diqqətini dərsə cəlb etmək çox da asan iş deyil. Bu baxımdan, ənənəvi üslub müəllimlər üçün keçici olmaya bilər. Şagirdləri fərqli formalarda biliklərə və digər keyfiyyətlərə yönləndirməyi üstün tuturam. Şagirdlərimdə Vətənə bağlılıq hissini aşılamağa da nail olmuşam. Şagirdlərimə müəllimlik sənətini də sevdirə bilmişəm. Dərs dediyim neçə-neçə şagirdim mənim peşəmi seçərək davamçılarımdır. Zəhmətim hədər getməyib, belə yetirmələrim var.
– Başqa şəhərlərdə işləmək istərdiniz?
– Bura mənim üçün əvəzolunmaz bir yerdir. Şuşada yaşamaq şərəfdir, qürurdur, həm də böyük məsuliyyətdir. Burada neçə-neçə igidin qanı axıb. Şuşa 1 nömrəli məktəbdə çalışmaq böyük bir məsuliyyətdir. Biz nə qədər savadlı, bacarıqlı şagirdlər yetişdirsək, Vətənə daha böyük xidmət etmiş olarıq.
– Şagirdlərin ingilis dilinə marağı hansı səviyyədədir?
– Qarabağda doğulan uşaqlar bilirlər ki, Qarabağ həqiqətlərini dünyada yaymaq üçün ingilis dilini bilmək çox vacibdir. Ona görə də bu dili öyrənməyə səy göstərirlər. Öyrənə bilməyənlər üçün əlavə vaxt ayırıram. Onların bu dili öyrənməsinə çalışıram. İstəyirəm ki, onlar bu dili dərindən öyrənsinlər. Qəlblərində özümə yuva qurmaq istəyirəm. Nə gizlədim, istəyirəm ki, onlar ingilis dilində sərbəst danışanda “nə yaxşı ki, Türkan müəllimin şagirdiyəm", – deyib mənimlə fəxr etsinlər.
Türkan xanım gələcək planları haqqında da danışdı. Məktəbdə həm müəllim, həm də metodist kimi çalışır. Deyir, sinifdə elə bir mühit yaratmaq istəyir ki, hər bir şagird özünü dəyərli bir şəxs kimi hiss etsin. Özündə motivasiya yaratmağı bacarsın:
“Daha çox interaktiv fəaliyyətlərdən, texnologiyalardan və fərqləndirilmiş tədris üsullarından istifadə edərək hər şagirdin özünə uyğun şəkildə dərsi öyrənməsinə şərait yaratmağa çalışıram. Şagirdlərimin təkcə akademik bacarıqlarını deyil, həm də yaradıcı, tənqidi düşünməsinə çalışıram”.
– Yəqin ki, Şuşaya ilk gəlişiniz qəlbinizdə unudulmaz hisslər buraxıb...
– Həmin gün, yəni sentyabrın 14-ü mənim ad günüm idi. Bir yaz günü tərk etdiyim yurduma qızılı payızda geri dönmüşdüm. Kədərlə - sevincin ağuşunda qalmışdım. Şuşada əlimə jurnal alıb sinfə daxil olanda çox həyəcanlı idim, həyəcandan titrəyirdim. Artıq Şuşama qovuşdum - deyə pıçıldayırdım. İnanın ki, mənə dünyada ən gözəl bir məktəbdə işləməyi təklif etsələr, yenə Şuşamın 1 nömrəli tam orta məktəbini seçərdim. Şuşanın həsrətini o qədər çəkmişəm ki, şükür qovuşdurana...
Səriyyə MÜSLÜMQIZI


