“Sevdiyiniz fənni seçin” - Ağdamın üçqat RFO qalibi

7 May, 2026 - 15:42
“Sevdiyiniz fənni seçin”

Builki Respublika fənn olimpiadasında (RFO) biologiya fənni üzrə Qarabağ regionundan qızıl medal qazanan 3 şagirddən biri - Emin Həsənzadə artıq 3-cü dəfədir ki, yarışın qalibi olur.  

RFO-nun üçqat qalibi "Azərbaycan müəllimi"nə olimpiada ilə bağlı fikirlərini bölüşüb. 

Emin Həsənzadə Ağdam rayonu 2 nömrəli tam orta ümumtəhsil məktəbin 11-ci sinif şagirdidir. O, IX sinifdə RFO-da da qızıl, X sinifdə gümüş, bu il isə yenidən qızıl medal qazanıb. 

Deyir ki, olimpiadada məcburi şəkildə heç bir nəticə əldə etmək olmaz. Bu istiqamətdə irəliləmək istəyənlər üçün ən vacib olan ən sevdiyiniz, sizi ifadə etdiyini düşündüyünüz və ən əsası məşğul olarkən sıxılmadığınız, sevərək məşğul olduğunuz fənni seçməkdir. Qalibimiz üçün bu fənn biologiyadır. 

Həmsöhbətimiz olimpiadada ilk mərhələlərdə çətinliyin ola biləcəyini, bunun öhdəsindən gəlmək üçün intizamın vacibliyini bildirir. 

"Olimpiadada orta məktəb proqramlarından kənar, dərsliklərdə demək olar ki, görmədiyimiz  məlumatlarla da qarşılaşa bilərik.  Ancaq siz bu yolda addımlamağa başlamısınızsa, demək ki, bu çətinlikləri gözə almısınız. Bu, çox gözəldir. Bayaq vurğuladığım ən sevdiyiniz fənni seçməyin vacib tərəflərindən biri də budur. Əsas çətinlik, məncə, 1-ci ildə olur. Çünki ən çox yeniliklə sanki onda qarşılaşmış olursunuz. Artıq 2-ci ildə hazırlıqlar nisbətən daha rahat olur, belə deyək, ən azı, mövzularla bir qədər tanış olmuş olursunuz. Ancaq araşdırmaq və öyrənmək hər zaman çox vacibdir. Məlumatlar daim yenilənir və siz hər yeni məlumatdan xəbərdar olmalısınız.

Mənim üçün ən yaxşı öyrənmə metodu dinləyərək öyrənməkdir. Ona görə mümkün qədər müəllimlərə diqqətlə qulaq asmağa çalışıram".

Emin dərslər və olimpiada üçün ayırdığı vaxt bölgüsündə də danışıb. 

"Heç kim durmadan gün ərzində 8-9 saat dərs oxuya bilməz. Dincələrək oxumaq mütləqdir. Yəni dərslər qədər dincəlməyə də vaxt ayırmaq çox vacibdir. Hər kəs özü tapşırığına nə qədər vaxt sərf edəcəyini təxminən bilir. Ona görə də həmin vaxta uyğun planlama etmək lazımdır. Bir balaca tövsiyəm budur ki, bu günün dərsini sabaha saxlamasınlar. Çünki insanın məsuliyyəti azalır. Bəzən bu məsuliyyətsizliklər növbəti günləri də əhatə edir nəticədə hədəfə çatmaq mümkün olmur".