Bu ölkədə valideynlər müəllimə hörmətsizliyə görə CƏRİMƏLƏNƏCƏK!
Qazaxıstanda təhsil sahəsində intizam qaydaları sərtləşdirilir.
"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanda valideynlər şagirdin müəllimə qarşı hörmətsiz davranışına görə 86.500 təngə (təxminən 320 AZN) məbləğində cərimə edilə bilərlər.
Təhsil Nazirliyinin izah etdiyi kimi, bu cür pozuntulara ədəbsiz dil, uyğunsuz jestlər və müəllimin peşə vəzifələrinə mane olan və əlverişsiz iş şəraiti yaradan hərəkətlər daxildir.
Əgər analoji hal inzibati cəzadan sonrakı bir il ərzində yenidən təkrarlanarsa, cərimənin məbləği artırılaraq 130.000 təngəyə (təxminən 480 AZN) çatdırılacaq.
Qazaxıstan Respublikası Təhsil Nazirliyinin İnformasiya Təminatı Departamentinin baş eksperti Nabira Marbanova bildirib ki, hazırda qanunvericiliyin daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır: "Məqsədimiz müəllimləri kənar işlərə cəlb edilməkdən qorumaq və onların hüquqlarının etibarlı müdafiəsini təmin etməkdir. "Müəllimlərin statusu haqqında" qanun bu çərçivədə yenidən nəzərdən keçirilir".
Qeyd olunur ki, Qazaxıstanda müəllimlər peşəkar inkişafı, əməkhaqqı artımını, bonusları və sosial təminatları nəzərdə tutan xüsusi hüquqi statusa malikdirlər. Müəllimin şərəf və ləyaqətini alçaldan hərəkətlərə görə cərimələr isə dərhal tətbiq edilir.



