Bu qurumun uşaq hüquqları ilə bağlı səlahiyyətləri genişləndirilib - FƏRMAN

15 İyul, 2026 - 16:20
Bu qurumun uşaq hüquqları ilə bağlı səlahiyyətləri genişləndirilib

Prezident İlham Əliyev “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, qaydalara edilən yeni əlavəyə görə, prokurorluq orqanı qanunla müəyyən edilmiş hallarda uşaqların hüquqlarını və qanuni mənafelərini məhkəmədə müdafiə edəcək, dövlət qurumlarına müraciət edəcək və məhkəmədə iddia qaldıracaq.

Bununla yanaşı, prokurorluq uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirəcək.

Fərmana əsasən, prokurorluq orqanı, həmçinin Ailə Məcəlləsinə uyğun olaraq, uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi məlumatlara baxacaq və qanunvericilikdə nəzərdə tutulan tədbirləri görəcək.