Buraxılış imtahanlarının nəticələrinin daha tez açıqlanması mümkündür – DİM sədri

14 May, 2026 - 13:40
Buraxılış imtahanlarının nəticələrinin daha tez açıqlanması mümkündür

“Buraxılış imtahanlarının nəticələrinin daha qısa zamanda açıqlanması mümkündür. Bunun üçün nəticələri yoxlayan marker-ekspertlərin sayı kütləvi olmalıdır. Bu mütəxəssislərin hazırlanması üçün xüsusi hazırlıq kursları elan olunub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu APA İnformasiya Agentliyinə müsahibəsində  Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, kurslara qoşulan şəxslər əvvəlcə təlim keçir, daha sonra imtahan verirlər və uyğun hesab olunduqları təqdirdə prosesə cəlb olunurlar. Bu prosesdə müəllimlər də, digər sahə mütəxəssisləri də iştirak edə bilərlər. Nə qədər çox insan bu işə qoşularsa, nəticələri də bir o qədər tez yoxlamaq mümkün olar:
“Bu il isə vəziyyət bir qədər fərqli oldu. Martın 9-u və 15-də keçirilən imtahanlardan sonra bayram günləri daha çox idi. DİM əməkdaşları bayram günlərində işləyə bilsələr də, ekspertlər qurumla müqavilə əsasında çalışırlar və onları həmin günlərdə işləməyə məcbur etmək mümkün deyil. Ekspertlər yazı işlərini onlayn şəkildə, evdən yoxlayırlar və hər biri konkret sualları qiymətləndirirlər. Bunun üçün DİM-in xüsusi platforması mövcuddur. Həmin platforma qurum tərəfindən yaradılıb və müəlliflik hüquqları da DİM-ə məxsusdur. Bu sistem çox dəyərli alət hesab olunur və xarici mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir. Platforma onlayn şəkildə milyonlarla tapşırığın yoxlanılmasına imkan yaradır”. 

Onun sözlərinə görə, açıq şəkildə demək olar ki, nə qədər çox marker bu prosesə cəlb olunarsa, imtahan cavablarını da bir o qədər qısa müddətdə yoxlamaq mümkün olacaq. Təəssüf ki, hazırda markerlərin sayı istənilən səviyyədə deyil.