Ceyhun Məmmədov: Təhsilin rəqəmsallaşdırılması sürətləndirilməlidir
“Elmi fəaliyyətin səmərəliliyinin artırılması, alimlərin sosial rifahının yaxşılaşdırılması və bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi prioritet məsələlərdəndir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Ceyhun Məmmədov qeyd edib ki, təhsilin rəqəmsallaşdırılması prosesinin daha da sürətləndirilməsi vacibdir. Son illər bu sahədə böyük işlər görülsə də, ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün rəqəmsal transformasiya daha geniş miqyasda davam etdirilməlidir.
Deputat həmçinin vurğulayıb ki, milli-mənəvi dəyərlərin və gənclərin ideoloji təhlükələrdən qorunması məsələsi xüsusi diqqət tələb edir. Bu məqsədlə yeni dövlət proqramının qəbul olunması, maarifləndirici tədbirlərin gücləndirilməsi və bu sahəyə ayrılan vəsaitlərin artırılması zəruridir.
Ceyhun Məmmədov çıxışının sonunda elm və təhsil sahəsində aparılan islahatların ölkənin inkişafına mühüm töhfə verdiyini bildirib.



