Çinli ekspertlər BMU tələbələrinə master-klas keçiblər
Bakı Mühəndislik Universitetində (BMU) səfərdə olan Çin Xalq Respublikasının Fudan Universitetinin nümayəndə heyətinin üzvləri – süni intellekt üzrə ekspert Ye Suli və biotibb eksperti He Nan tələbələr üçün master-klas keçiblər.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin SABAH proqramı ixtisaslarında təhsil alan tələbələr üçün təşkil olunan təlimdə Ye Suli süni intellekt sahəsində ən son nailiyyətləri təqdim edib. Təlimdə bildirilib ki, süni intellekt hazırda dünya miqyasında sürətlə inkişaf edən, gələcək əmək bazarını formalaşdıran əsas texnoloji istiqamətlərdən biridir, bu sahədə bilik və bacarıqların inkişafı tələbələrin innovativ düşüncə tərzinin formalaşmasına, eləcə də beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artmasına mühüm töhfə verir.
He Nan isə "Kimya" və "Biotexnologiya" ixtisasları üzrə təhsil alan tələbələrə xərçəng xəstəliyinin erkən mərhələdə aşkarlanması üçün tətbiq olunan innovativ yanaşmalardan-şəkər biomarkerləri vasitəsilə diaqnostika üsulundan bəhs edib. Vurğulanıb ki, hazırda tibb və biotexnologiyanın prioritet istiqamətlərindən biri olan bu metod yalnız minimal invaziv texnologiyalara əsaslanır və xəstənin barmaq ucundan götürülən kiçik qan nümunəsi xərçəngin diaqnostikasını həyata keçirməyə imkan verir. Belə yanaşma klinik praktikada istifadə olunduqda, xəstələr üçün rahatlıq və erkən aşkarlamanı təmin edir, eyni zamanda diaqnostik dəqiqlik baxımından təxminən 90 faiz səviyyəsində nəticələr verir.
Çinli ekspertlərin təlimləri tələbələr tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, BMU və Çinin Fudan Universiteti, habelə bu universietin elmi-tədqiqat institutları arasında əməkdaşlığa dair memorandum imzalayıb. Tərəflər arasında elm, təhsil, tədqiqat və kadr hazırlığı sahələrində birgə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur. Keçirilən master-klaslar da bu əməkdaşlıq çərçivəsində təşkil olunub və gələcəkdə oxşar təlimlərin davam etdirilməsi planlaşdırılır.


