Daha 24 məktəbdə inklüziv təhsil təşkil olunacaq – MÜTDA
İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2025–2026-cı tədris ilində ölkə üzrə artıq 91 ümumi təhsil müəssisəsində inklüziv təhsil təşkil edilib, 456 sağlamlıq imkanları məhdud uşaq sözügedən müəssisələr üzrə inklüziv təhsilə cəlb olunub.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2026–2027-ci tədris ilində daha 24 ümumi təhsil müəssisəsində inklüziv təhsilin təşkili nəzərdə tutulub: "Bununla yanaşı, inklüziv təhsil təşkil olunan ümumi təhsil müəssisələrində infrastrukturun müvafiq tələblərə uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu çərçivədə zəruri infrastruktur imkanları yaradılır, məktəblər xüsusi avadanlıq və tədris vasitələri ilə təmin edilir", – deyə qeyd olunub.
Həmçinin bildirilib ki, inklüziv təhsil prosesinin səmərəli təşkili üçün məktəblərdə loqopedik xidmət təşkil olunur. İnklüziv təhsilin keyfiyyətinin artırılması məqsədilə bu prosesə cəlb olunmuş pedaqoji işçilər üçün Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilir.




