Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri məhdudlaşdırır
Kanada hökuməti 16 yaşdan aşağı uşaqların və yeniyetmələrin sosial media hesabı açmasını məhdudlaşdıran yeni qanun layihəsini parlamentə təqdim edib.
"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, “Təhlükəsiz Sosial Media Aktı” (Safe Social Media Act) adlanan təşəbbüs qəbul edilərsə, Kanada bu sahədə məhdudiyyətlər tətbiq edən ölkələrin sırasına qoşulacaq.
Qanun layihəsinə əsasən, sosial media platformaları yalnız uşaqların təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər gördüklərini sübut etdikləri halda qadağadan istisna edilə biləcəklər. Bu yanaşma ötən il oxşar qanun qəbul edən Avstraliyanın modelindən fərqlənir.
Kanadanın mədəniyyət naziri Mark Miller bildirib ki, onlayn mühitdə uşaqların qorunması hökumətin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, sosial şəbəkələrdə uşaqların təhlükəsizliyi ilə bağlı problemlər artıq ciddi narahatlıq doğurur və əlavə müdafiə mexanizmlərinə ehtiyac var.
Yeni qanun layihəsi yalnız sosial media ilə məhdudlaşmır. Sənəd süni intellekt əsaslı çat-botların fəaliyyətinin tənzimlənməsini və internetdə zərərli məzmunun qarşısının alınmasını da nəzərdə tutur. Qanunda uşaqlara qarşı zorakılığı, nifrəti və ya özünə zərər verməni təşviq edən məzmunlar xüsusi risk kateqoriyasına daxil edilib.
Layihəyə əsasən, texnologiya şirkətlərinin qaydalara əməl etməsinə nəzarət edəcək müstəqil Rəqəmsal Təhlükəsizlik Komissiyası yaradılacaq. Tələbləri pozan şirkətləri isə 10 milyon Kanada dollarına qədər və ya qlobal illik gəlirlərinin 3 faizi həcmində cərimələr gözləyir.
Kanadada onlayn təhlükəsizliklə bağlı müzakirələr son aylarda daha da intensivləşib. Xüsusilə bu ilin fevralında Britaniya Kolumbiyasında baş verən məktəb atışmasından sonra məsələ yenidən gündəmə gəlib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin hücumdan əvvəl "ChatGPT" vasitəsilə silahlı zorakılıq mövzusunda yazışmalar apardığı məlum olmuşdu.
Qeyd edək ki, sosial media istifadəsinə yaş məhdudiyyəti tətbiq edən və ya bu istiqamətdə qanunvericilik hazırlayan ölkələrin sayı artır. Avstraliya, Braziliya və İndoneziya artıq müəyyən məhdudiyyətlər tətbiq edib. Böyük Britaniya, Fransa, İspaniya, Danimarka və Cənubi Koreya isə oxşar tədbirləri nəzərdən keçirir.




