"Daha çətin suallara hazırlaşmışdım, amma..." – Sertifikasiyadan keçən müəllim

18 İyun, 2026 - 11:51
"Daha çətin suallara hazırlaşmışdım, amma..." – Sertifikasiyadan keçən müəllim

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün də davam edib. Bu dəfə müəllimlər biliklərini biologiya, kimya, fizika, musiqi və təsviri incəsənət fənləri üzrə sınayıblar. Xüsusilə musiqi və təsviri incəsənət müəllimləri üçün bu gün fərqli əhəmiyyət daşıyırdı. Çünki onlar ilk dəfə sertifikatlaşdırma prosesində iştirak edirdilər. 

İmtahanın başlamasından bir saat keçməmiş ilk iştirakçılar artıq zaldan çıxmağa başlamışdı. Maraqlıdır ki, ilk çıxan müəllimlərin hər ikisi musiqi müəllimi idi və onlar nəticələrindən razı qaldıqlarını bildirirdilər.

Bakı şəhəri Nərimanov rayonu 177 nömrəli tam orta məktəbin musiqi müəllimi Ayşən Əhmədli imtahanı təxminən 45 dəqiqəyə başa vurub. O, sualları cavablandırdıqdan sonra vaxtının bir hissəsini cavablarını yenidən yoxlamağa sərf etdiyini deyir.

İmtahanda 55 bal toplayan müəllimin sözlərinə görə, suallar bütün səviyyələri əhatə etsə də, gözlədiyindən daha rahat olub:

“Suallar arasında çətin olanlar da var idi, amma ümumilikdə oxuyan və məlumatlı şəxslər üçün elə də çətin deyildi. Açığı, mən daha çətin suallara hazırlaşmışdım. Gözlədiyimdən daha asan oldu”.

Artıq 4 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olan Ayşən müəllim sertifikatlaşdırmanın müəllimlərin peşəkar inkişafı üçün vacib olduğunu düşünür: “Bu proses lazımdır. Fənnini bilən müəllim üçün imtahan qorxuducu olmamalıdır”.

O qeyd edib ki, 2022-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində də uğurlu nəticə göstərərək 100 mümkün baldan 89,25 bal toplayıb. Bu dəfəki nəticəsindən də razı qaldığını bildirib.

İmtahanın ilk iştirakçıları arasında olan digər müəllim isə 49 nömrəli İntellekt məktəb-liseyin musiqi müəllimi Səbinə Məmmədova olub. O, imtahanda 56 bal toplayıb.

Səbinə müəllim etiraf edir ki, imtahana müəyyən həyəcanla daxil olsa da, proses ərzində özünü toparlamağı bacarıb: “Həyəcan var idi, amma həyəcanıma qalib gələ bildim. Düşünürəm ki, nəticəm bundan da yüksək ola bilərdi. Bununla belə, əlimdən gələni etdim”.

Müəllim imtahanın təşkilini yüksək qiymətləndirərək prosesin şəffaf və qaydalara uyğun keçirildiyini vurğulayıb: “İmtahan şəffaf şəkildə keçirildi. Suallar müxtəlif çətinlik səviyyələrini əhatə edirdi”.

Sualları cavablandırdıqdan sonra cavablarını bir neçə dəfə yoxladığını deyən Səbinə müəllim yalnız bundan sonra imtahanı yekunlaşdırıb: “Suallara təxminən üç dəfə yenidən baxdım. Artıq dəyişəcəyim heç nə olmadığını gördükdən sonra cavablarımı təsdiqlədim”.

Onun fikrincə, sertifikatlaşdırma müəllimlərin öz üzərində işləməsinə və peşəkar inkişafına müsbət təsir göstərir: “Bu imtahan müəllimlərin özlərini daha da inkişaf etdirmələri üçün yaxşı imkan yaradır. Müəllimlərimiz savadlı müəllimlərdir və inanıram ki, onların hər biri bu imtahandan uğurla keçəcək”.

Səbinə Məmmədova əməkhaqqı artımının da müəllimlər üçün mühüm stimul olduğunu qeyd edib. O bildirib ki, müəllimlərin rifahının yaxşılaşdırılması onların motivasiyasına müsbət təsir göstərən amillərdən biridir.