"Cəmi 12 gün ərzində fasiləsiz hazırlaşıb yüksək nəticə əldə etdim" – Uğurlu müəllimlərin təcrübələri
Müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanları başa çatıb. Bu il də ölkənin müxtəlif bölgələrindən olan təhsilverənlər bilik və bacarıqlarını nümayiş etdirərək yüksək nəticələr əldə ediblər.
"Azərbaycan müəllimi" qəzeti Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə sertifikasiya imtahanında fərqlənən müəllimlərlə həmsöhbət olub. Onlar imtahana hazırlıq prosesindən, qazandıqları uğurun sirlərindən danışıb, həmkarlarına tövsiyələrini çatdırıblar.
Salyan şəhər Yusif Qasımov adına 4 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Kəmalə Məmmədova sertifikasiya imtahanında 52 bal toplayaraq uğurlu nəticə göstərən müəllimlərdən biridir. Onun sözlərinə görə, bu nəticə böyük əzmin və qısa müddətdə aparılan intensiv hazırlığın bəhrəsidir.
Kəmalə Məmmədova bildirib ki, hazırda Rusiyada bakalavr təhsili aldığı üçün universitet və sertifikasiya imtahanlarına eyni eyni vaxtda hazırlaşmaq məcburiyyətində qalıb. Sessiyadan sonra cəmi 12 gün ərzində fasiləsiz hazırlaşaraq yüksək nəticə əldə edib. O, bu uğurunda ailəsinin, çalışdığı məktəb kollektivinin və müəllimlərinin mənəvi dəstəyinin mühüm rol oynadığını vurğulayıb.
Müəllim qeyd edib ki, imtahan prosesi tam şəffaf və yüksək səviyyədə təşkil olunmuşdu. Onun fikrincə, nəzarətçilərin peşəkar və səmimi münasibəti iştirakçıların həyəcanını azaltmağa kömək edib. Sualların proqrama uyğun hazırlandığını bildirən Kəmalə Məmmədova xüsusilə metodika bölməsində düşündürücü sualların yer aldığını qeyd edib.
Həmkarlarına müraciət edən müəllim bildirib ki, uğurun əsas sirri planlı çalışmaq, öz biliyinə inanmaq və məqsəddən dönməməkdir. Onun sözlərinə görə, sertifikasiya müəllimlərin bilik və potensialını nümayiş etdirməsi üçün mühüm imkandır.
Biləsuvar rayonu İlham İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şəlalə Teymurova isə sertifikasiya imtahanında maksimum 60 baldan 57 bal toplayıb. O bildirib ki, indiyədək müxtəlif peşəkar inkişaf təlimlərində iştirak edib, müəllimlərin işə qəbulu müsabiqəsində də uğur qazanaraq hazırkı məktəbdə fəaliyyətə başlayıb.
Şəlalə Teymurovanın sözlərinə görə, sertifikasiya imtahanına böyük həvəslə və məqsədyönlü şəkildə hazırlaşıb. O hesab edir ki, bu proses müəllimlərin peşəkar inkişafına xidmət edir və yüksək nəticə əlavə motivasiya yaradır. Müəllim imtahanın təşkilini yüksək qiymətləndirərək qeyd edib ki, suallar ümumi təhsil proqramına və çərçivə sənədinə uyğun hazırlanmışdı, müxtəlif çətinlik səviyyələrini əhatə edirdi.
O, gələcəkdə sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə daim oxumağı, biliklərini təkmilləşdirməyi və qarşılarına konkret məqsəd qoymağı tövsiyə edib.
Salyan rayonu Rəfael Quliyev adına Ərəbqardaşbəyli kənd tam orta məktəbinin tarix müəllimi Fatma Məmmədova da sertifikasiya imtahanında 55 bal toplayaraq yüksək nəticə göstərən müəllimlər sırasında yer alıb.
Səkkizillik pedaqoji fəaliyyətə malik müəllim bildirib ki, 2018-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində 51 bal toplayaraq müəllimlik fəaliyyətinə başlayıb. Onun rəhbərlik etdiyi şagirdlər müxtəlif illərdə Respublika fənn olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanıb, bir çoxu isə yüksək ballarla ali məktəblərə qəbul olunub.
Fatma Məmmədova qeyd edib ki, daim öz üzərində işlədiyi və ixtisası üzrə yenilikləri izlədiyi üçün sertifikasiya imtahanına ayrıca hazırlıq keçməyib. O bildirib ki, imtahan şəffaf təşkil olunmuşdu, ixtisas sualları onun üçün çətinlik yaratmasa da, metodika bölməsi daha çox vaxt aparıb.
Tarix müəllimi hesab edir ki, sertifikasiya prosesi müəllimləri davamlı inkişaf etməyə sövq edən mühüm mexanizmdir və bu baxımdan onun təhsil sisteminə mühüm töhfəsi var.
Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin fiziki tərbiyə müəllimi, eyni zamanda Gənc Fiziki Tərbiyə Müəllimləri Birliyinin sədri Nurəddin Babayev isə sertifikasiya imtahanında 53 bal toplayıb.
O bildirib ki, əldə etdiyi nəticə sistemli hazırlığın, düzgün planlaşdırmanın və məqsədyönlü əməyin məntiqi nəticəsidir.
Nurəddin Babayev vurğulayıb ki, peşəkar inkişafını daim davam etdirir, müasir təlim metodlarını öyrənməyə və şagirdlərinin hərtərəfli inkişafına töhfə verməyə çalışır.




