Ceyhun Məmmədov: Sertifikatlaşdırma müəllimlərin peşəkarlığını obyektiv qiymətləndirir

23 Noyabr, 2026 - 14:47
Ceyhun Məmmədov: Sertifikatlaşdırma müəllimlərin peşəkarlığını obyektiv qiymətləndirir

“Məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilə bir neçə istiqamətdə töhfəsi var”
Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, prosesin əsas məqsədlərindən biri müəllimin daim öz üzərində işləməsi və özünü inkişaf etdirməsidir:

“Yəni məqsəd yalnız bir istiqamətlə məhdudlaşmır. Bu mənada sertifikatlaşdırma imtahanı verən müəllim anlayır ki, daim öz üzərində işləməli, özünü inkişaf etdirməli, bilik və bacarıqlarını artırmalıdır. Müəllim bilir ki, bunu etmədiyi təqdirdə imtahandan keçməyə bilər”.

C.Məmmədov əlavə edib ki, məktəbəqədər təhsil uşağın şəxsiyyət kimi formalaşmasının ilkin və olduqca vacib mərhələsidir. Bu dövrdə uşaqlara verilən təhsilin keyfiyyəti onların gələcək inkişafına, dünyagörüşünə, sosial bacarıqlarına və öyrənmə vərdişlərinə birbaşa təsir göstərir. Bu baxımdan məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin bilik və bacarıqlarının müasir tələblərə uyğun olması xüsusi əhəmiyyət kəsb edir.

Sertifikatlaşdırma prosesi məhz bu istiqamətdə sistemli yanaşmanın formalaşmasına xidmət edir. Proses pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının obyektiv qiymətləndirilməsi üçün mühüm vasitədir.  Eyni zamanda, bu qiymətləndirmə tərbiyəçi-müəllimlərə öz bilik və bacarıqlarını təhlil etmək, mövcud çatışmazlıqları müəyyənləşdirmək və peşəkar inkişaf istiqamətlərini dəqiqləşdirmək imkanı verir”.

C.Məmmədovun sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, sertifikatlaşdırma tərbiyəçi-müəllimlərin karyera yüksəlişi üçün də institusional əsas yaradır: “Bu, onların əməyinin və peşəkarlığının qiymətləndirilməsi, fəaliyyətlərinə daha məsuliyyətlə yanaşmaları baxımından müsbət təsir göstərir. Belə mexanizmlərin tətbiqi pedaqoji kollektivlər arasında sağlam rəqabət mühitinin formalaşmasına da töhfə verə bilər.

Müasir dövrdə məktəbəqədər təhsildə ənənəvi yanaşmalarla kifayətlənmək mümkün deyil. Tərbiyəçi-müəllimlər uşaqların yaş xüsusiyyətlərini nəzərə alan, onların maraq və potensialını üzə çıxaran müasir, interaktiv təlim metodlarına yiyələnməlidirlər. Çünki uşaqların hərtərəfli inkişafı yalnız biliklərin ötürülməsi ilə məhdudlaşmır, onların yaradıcı düşünmə, ünsiyyət, əməkdaşlıq və müstəqil fəaliyyət bacarıqlarının inkişafını da əhatə edir”.

Deputat sertifikatlaşdırma prosesinin tərbiyəçi-müəllimlərin öz üzərində işləməsinə, yenilikləri izləməsinə və pedaqoji fəaliyyətlərini təkmilləşdirməsinə müsbət təsir göstərəcəyini düşünür: “Nəticə etibarilə, peşəkar və müasir təlim metodlarına yiyələnmiş tərbiyəçi-müəllimlər məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsində əsas rol oynayırlar.

Əminəm ki, bu prosesin səmərəli təşkili məktəbəqədər təhsil müəssisələrində insan kapitalının gücləndirilməsinə, təhsilalanlar üçün daha keyfiyyətli və bərabər imkanların yaradılmasına xidmət edəcək. Çünki keyfiyyətli məktəbəqədər təhsil hər bir uşağın gələcək təhsil uğurunun və hərtərəfli inkişafının vacib təməlidir”.