Daha yüksək yer tuta bilərdik - Dünya olimpiadasının 6-cıları
Sinqapurda keçirilən Dünya Robot Olimpiadasında (WRO) ölkəmizi təmsil edən Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin şagirdləri 56 ölkə arasında 6-cı yerin qalibi olublar.
“Azərbaycan müəllimi” "Robosports" kateqoriyası üzrə öz qruplarını lider olaraq tamamlayan komandanın üzvləri Tayfun İmanlı, Amin Əlizadə və Murad Kərimovla həmsöhbət olub.
İlk olaraq Naxçıvan şəhər 1 nömrəli orta məktəbin 8-ci sinif şagirdi, STEAM Təlim-Tədris Mərkəzinin proqramlaşdırma kursunda təlim keçən Murad Kərimovdan qalib kimi fikirlərini öyrənirik. Deyir ki, bu uğur onları həm qürurlandırıb, həm də gələcək məqsədləri üçün yol açıb. Uğura gedən yol isə əlbəttə asan olmayıb:
“Daha fəal olduğumuz üçün müəllimlərimiz yarışa bizi seçdilər. May ayından hazırlıqlara başladıq. Robotun hazırlanması üçün əvvəl loqolardan istifadə elədik, gördük ki, davamlı deyil, möhkəm olmur. Daha dayanıqlı olsun deyə başladıq printerdən çıxarmağa. Hazırlıqlar 3-4 ay davam etdi. Hazırlaşdıqca texniki problemlər üzə çıxırdı, amma bütün bunların öhdəsindən gələrək VIII Respublika Robot Olimpiadasında qalibiyyət qazandıq. Orada yarış zamanı elə vaxt olurdu ki, heç gözləmədiyimiz problemlə rastlaşırdıq, bir az çətin olurdu, həyəcanlı keçirdi. Amma bizim yarışdığımız kataqoriya üzrə 8 komandanın hamısına qalib gəldik. Sonra Naxçıvana qayıdaraq yeni robotu dizayn eləməyə başladıq. Proqlamlaşdırmanı, kod strategiya hissəsini dəyişdik, təkmilləşdirərək robotu sıfırdan yığdıq”.
İlk dəfə xaricə səfər edən Murad deyir ki, Sinqapurda həm dünyagörüşü artıb, həm də yoldaşları ilə birlikdə təcrübə qazanıblar. O, gələcəkdə də proqramlaşdırma sahəsi üzrə böyük nailiyyətlər əldə etmək istəyir.
“Sinqapurda uğur qazandığımız üçün həm həyəcanlı, sevincli idik, həm də bir az da kədərləndik ki, daha yüksək yerlər tuta bilərdik”. Bunu isə komandanın digər üzvü Amin Əlizadə deyir. O, Naxçvan şəhər Heydər Əliyev adına tam orta məktəbin 8-ci sinif şagirdidir.
Eyni zamanda, 6-cı sinifdən STEAM Təlim-Tədris Mərkəzinin “İdeya“ emalatxanasında təlim keçir.
Amin bizə yarışda təqdim etdikləri robot haqqında danışır: “Biz "Robosports" kateqoriyası üzrə hazırladığımız robotlar tennis oynayırdı, əsas məqsəd qarşı tərəfə topları atmaq idi. Respublika Robot Olimpiadasında zəif və güclü komandalar da var idi, hamıya qalib gəldik. Daha sonra Sinqapura getdik, orada güclü komandalar daha çox idi. Onların demək olar ki, 90 faizi kameradan istifadə etmişdi. Biz robotomuzda kameradan istifadə etmirdik, rəqiblərin robotları isə topları tanıya bilirdi. Lazım olan topları özlərində saxlayırdılar. Buna baxmayaraq, biz robotu yaxşı idarə edə bildik”.
3 gün ərzində yarışan Amin və komandası üçün yarış maraqlı və gərgin keçib. Gələcəkdə ali məktəbə birinci qrup üzrə qəbul olmaq istəyir. Deyir ki, ona görə dərslərini də yaxşı oxuyur. Məqsədi kompüter mühəndisi olmaqdır.
“Uğur qazanmağın səbəbi ağıllı və çox çalışmaqdır”,- deyir və daha sonra əlavə edir: “Biz yay tətillərimizi də mərkəzdə keçirirdik. Yarış zamanı gecələr də çalışırdıq. Telefondan, hətta “ChatGPT”dən də istifadə edirik. Düşünürəm ki, bunlar məqsədli istifadə olunsa, yararlı ola bilər”.
Komandanın kapitanı, yaş və təcrübəsinə görə yoldaşlarından böyük olan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tayfun İmanlı da 9-cu sinifdən STEAM Təlim Mərkəzinə gedir. O həmçinin Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) iştirak edib. Bütün yarışlara onu bacarıqlarına görə cəlb ediblər.
Deyir ki, keçən il VII Respublika Robot Olimpiadasında da iştirak edib və komondası respublikada 3-cü yerə layiq görülüb: “Keçənilki təcrübə mənə həm texniki biliklər, həm də psixoloji dözümlülük baxımından böyük üstünlüklər qazandırdı. Bu uğurumuzda müəllimlərimizin və mentorlarımızın da rolu böyükdür. Naxçıvanı və ölkəmizi təmsil etdiyimiz üçün bu il daha səylə çalışdım və yoldaşlarımla birlikdə robotumuzu inkişaf elətdirdik. Yeni strategiyalar əlavə edərək respublikada birinci yerin qalib ola bildik və Sinqapurda yaxşı nəticə göstərdik. Mən yarışlara o qədər fokuslanmışdım ki, fərqli ölkədə olduğumu belə hiss etmirdim. Yarışın ikinci günü qruplar üzrə yarışda bütün rəqiblərə qalib gəldik və hər dəfə də problemlərimizi görüb düzəldərək daha yaxşı nəticə əldə edirdik.
Məktəbli gələcəkdə BANM-da “İnformasiya texnologiyaları” ixtisasında oxumaq istəyir. “Daha sonra magistraturanı xaricdə oxumaq fikrim var”,- deyir.
Hər üç şagird əzmin, çalışqanlığın və səbrin bəhrəsini görüb. Bu işıqlı gənclər gələcəkdə daha da parlayacaqlar. Necə deyərlər, işləyən dəmir pas tutmaz.



