Diferensial əməkhaqqı mexanizmi üçün 212 milyon manat ayrılacaq

13 Noyabr, 2025 - 13:08
Diferensial əməkhaqqı mexanizmi üçün 212 milyon manat ayrılacaq

2026-cı il üçün dövlət büdcəsində təhsil xərcləri 5 milyard 15 milyon 90 min manat məbləğində nəzərdə tutulur.

“Azərbaycan müəllimi” xəbər verir ki, Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış edib.

Komitə sədri bildirib ki, bu rəqəm 2025-ci illə müqayisədə 78 milyon 600 min manat, 2024-cü illə müqayisədə isə 625 milyon manat çoxdur. Bu artım ölkədə təhsilin inkişafı və gözləntilərin yüksəlməsinin göstəricisidir. Növbəti il üçün təhsil xərclərinin dövlət büdcəsində xüsusi çəkisi təxminən 12 faiz təşkil edir”.
Anar İsgəndərov əlavə edib ki, 2022–2026-cı illər ərzində 137 min nəfər müəllim sertifikatlaşdırma proqramında iştirak edib. Qazanılmış nəticələrə əsasən, diferensial əməkhaqqı mexanizminin tətbiqi üçün 2026-cı ilin dövlət büdcəsində 212 milyon 800 min manat vəsait nəzərdə tutulub.

Komitə sədri çıxışında sertifikatlaşdırmanın mahiyyətinə də toxunub:
“Sertifikatlaşdırma müəllimlərin peşəkarlığının artırılması, tədris keyfiyyətinin yüksəldilməsi üçün mühüm vasitədir. Uzun illər boyu müəllimlər üçün bu cür mexanizmlər mövcud deyildi. İndi isə dövlət bu istiqamətdə ciddi addımlar atır və nəticə etibarilə həm müəllimlərin əməkhaqları artır, həm də təhsilin keyfiyyəti yüksəlir”.

Anar İsgəndərov çıxışında həmçinin ali təhsil və elmi fəaliyyətin keyfiyyətinə toxunaraq, tarixi bir misalla mövzuya münasibət bildirib:
“Bir vaxtlar bəzi regionlarda ali təhsil diplomu almaq formal xarakter daşıyırdı. İnsanlar diplom alır, amma bilik və bacarıqlarını praktikada tətbiq edə bilmirdilər. Bu gün isə təhsil sistemində atılan addımlar sayəsində bu yanaşma dəyişir. Bizim məqsədimiz diplomu olan yox, bilikli və bacarıqlı gənclər yetişdirməkdir”.