II qrupda kimlər dövlət sifarişli yerlərə qəbul ola bilərlər? - DİM sədri açıqladı
“Bu il II ixtisas qrupunda plan yerlərinin sayı 1 000 yer artıb. Dövlət sifarişli yerlər plan yerlərinin 26 faizini təşkil edir. Ona görə də II qrup üzrə yalnız 330 baldan yuxarı toplayan namizədlər dövlət sifarişli yerlərə qəbul ola bilərlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in “YouTube” və “Facebook” səhifələrindəki canlı yayımda məlumat verib.
Onun sözlərinə görə, II ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərənlərin sayı 188 nəfərdir. Buna görə də ötən il II qrupda 600-dən yuxarı olan keçid ballarının 10 bal, 500-600 bal arasında olan ixtisaslarda isə 20 bal aşağı düşməyini müşahidə edəcəyik: “400-500 bal arasında keçidi olan ixtisaslarda 15 bal, 300-400 bal arasında olan ixtisasda isə 10 bal aşağı düşə bilər. Lakin 200-300 bal arasında olan keçid ballar, bəlkə də, 20 bala qədər arta bilər”.
DİM sədri qeyd edib ki, II ixtisas üzrə ötən il 150-200 bal arasında keçid balı olan ixtisaslarda isə bu il keçid ballarının eyni qalması gözlənilir.
O həmçinin bildirib ki, II qrup üzrə subbakalavrlar üçün kifayət qədər yer qalacaq.




