Dövlət təhsil işçiləri qarşısında çox ciddi öhdəliklər qoyur - Mehriban Vəliyeva
“Dövlətin ən prioritet istiqamətlərindən biri də təhsil sahəsidir. Biz bunu hamımız çox yaxşı bilirik və təhsil xərclərinin 2026-cı il üçün dövlət büdcəsinin 12 faizini təşkil etməsi də bunu göstərir. Bu, ümumilikdə yaxşı göstəricidir, çünki dünyada bu göstəricinin orta səviyyəsi təxminən 10 faizdir, inkişaf etmiş ölkələrdə isə orta hesabla 9 faiz təşkil edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən IlI Təhsil Menecerləri Forumunda səsləndirib.
O bildirib ki, amma əsas məsələ bunun özü deyil: “Əsas məsələ inkişafın sistemli şəkildə aparılması və proseslərin planlı şəkildə yönləndirilməsidir. Qanunvericilik bazamız var. Lakin bu qanunların yerlərdə işləməsi üçün mexanizmlərin qurulması əsas məsələdir. Bəzi menecerlərin qarşısında “mən bunu mexanizmə necə çevirim?” sualı dayanır və bu, əsas problemlərdən biridir.
Dövlət əslində bizim — təhsil işçilərinin qarşısında çox ciddi öhdəliklər qoyur. Bu gün həm dövlətin bizim qarşımıza qoyduğu, həm də bizim beynəlxalq səviyyədə üzərimizə düşən öhdəliklərimiz mövcuddur.
Bizim davamlı inkişaf məqsədləri istiqamətində götürdüyümüz öhdəliklərdə təhsil xüsusi yer tutur və burada əsas məsələlərdən biri təhsilin əlçatanlığı, digəri isə keyfiyyət məsələsidir. Ölkəmizdə təhsilin əlçatanlığı demək olar ki, 99 faiz, bəlkə də 100 faiz səviyyəsində təmin olunub. Amma ən əsas məsələ keyfiyyət məsələsidir. Biz bu istiqamətdə daim islahatlar aparırıq və addımlar atırıq. Bununla belə, hələ də elə məsələlər var ki, bu sahədə islahatların davam etdirilməsinə və yenilənməyə ehtiyac qalır”.
Deputat əlavə olaraq qeyd edib ki, ölkənin təhlükəsizlik konsepsiyasının bəndlərindən biri də dövlətin suverenliyinə və eyni zamanda ərazi bütövlüyünə təhdidlər sırasında peşəkar kadr çatışmazlığı məsələsidir: “Bu, təhsilin qarşısına qoyulan çox ciddi bir məsələdir və bu problemin həlli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində müəyyən edilmiş hədəflərdən biridir. Bu gün süni intellekt texnologiyalarının inkişafı, ümumilikdə rəqəmsal texnologiyalar müxtəlif sahələrdə yeni ixtisasların yaranması məsələsini gündəmə gətirir. Hətta bəzən biz bunun fərqinə də varmırıq, amma bu, ciddi şəkildə bizi düşündürməli olan məsələlərdən biridir”.


