DP iştirakçıları üçün ödənişlər necə həyata keçirilir?
“Tələbə Dövlət Proqramı iştirakçısı olmaq hüququnu qazandıqdan sonra təhsil almaq üçün xarici ölkəyə yollanır. Ödənişlərin olması üçün mütləq şəkildə təhsilə başladığını təsdiqləyən sənəd təqdim etməlidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov Təhsil TV-nin qonağı olarkən deyib.
O bildirib ki, bu sənəd universitet tərəfindən verilir və adətən, “enrollment letter” kimi tanınır.
Qədir Xəlilovun sözlərinə görə, həmin sənəddə tələbənin təhsil müddəti, semestr üzrə ödənişlər və digər detallı məlumatlar öz əksini tapır. Bu sənəd proqram administrasiyasına təqdim olunduqdan sonra tələbənin ödənişləri həyata keçirilir.
O qeyd edib ki, bəzi hallarda ödənişlərdə 1–3 aylıq gecikmələr müşahidə oluna bilər. Bu isə həm subyektiv, həm də obyektiv səbəblərlə bağlıdır: “Bəzi tələbələr sənəd təqdim etmə prosesini gecikdirir, bəzən isə universitetlər həmin sənədi vaxtında təqdim etmir”.
Onun sözlərinə görə, bu halların qarşısını almaq üçün tələbələrə əvvəlcədən məlumat verilir: “Dövlət Proqramı iştirakçısı statusu qazandıqdan dərhal sonra onlara bildirilir ki, universitetlə əlaqə saxlayıb tələb olunan sənədi vaxtında əldə edib təqdim etsinlər”.



