“Dünyada tanınan riyaziyyatçı olmaq istəyirəm” – Görmə məhdudiyyətli Nihadın hədəfi
Gözdən əlilliyi olan Nihad Əlizadə ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərdiyi üçün 2022-ci ilin ən çox müzakirə olunan tələbəsi olub. 5 nömrəli Xüsusi internat məktəbinin məşhur məzunu Bakı Dövlət Universitetinin Mexanika və riyaziyyat fakültəsini də fərqlənmə ilə bitirib.
İndi isə daha böyük planları reallaşdırmağa hazırlaşır. Həm hazırlaşır, həm də hazırlaşdırır.
Qaranlıqda parlayan cövhər oldu
Nihad Əlizadə Sumqayıt şəhərində təhsilli bir ailədə doğulub. Atası dünyasını tez dəyişib. Sumqayıtda 15 nömrəli tam orta məktəbin musiqi müəllimi olan anası Ağgül Əsgərova həm qardaşının, həm də onun təhsil alması üçün əlindən gələni edib. Dövlətin yaratdığı imkanlardan istifadə edərək Nihadı onun kimi görmə məhdudiyyəti olan uşaqların təhsil aldığı 5 nömrəli Respublika internat məktəbinə yerləşdirib: “Xüsusi internat məktəbində oxuyur və orada qalır, həftəsonu ailəmin yanına gəlirdim”.
Nihad dünyaya gələndə bir gözü görməyib, zamanla ikinci gözü də görmə qabiliyyətini itirib və 13 yaşından tamamilə qaranlığa qərq olub. Amma onun üçün həyat burada bitməyib. Necə deyərlər, qaralan sadəcə gözləri olub, dünyaya baxışı, elmə münasibəti, təhsilə yanaşması parlaqlığını olduğu kimi qoruyub saxlayıb. 7 yaşında yaşıdları kimi məktəbə gedib, onun kimi sağlamlıq məhdudiyyəti olan uşaqların təhsil aldığı məktəbdə oxuyub. Brayl əlifbasını öyrənib və əsas fənlərə başlayanda qaranlıqda yatan cövhər parlamağa, bərq vurmağa başlayıb. Balaca beynin rəqəmlərlə oyunu hər kəsi valeh edib, təəccübləndirib.
Müəllimi Həmidə Cabbarova deyir ki, o, ibtidai sinifdə oxuyanda da çoxrəqəmli ədədləri şifahi olaraq vurub cavabını deyirdi: “Məsələn, üçrəqəmli ədədi üçrəqəmli ədədə, hətta dördrəqəmli ədədləri vurmağı bacarırdı”.
Onun rəqəmlərlə oyunu hər kəsin diqqətini cəlb edib: “Qəribə misallar yazırdım, müəllimlər haqqımda deyirdi ki, zəkam üst səviyyədədir”.
“O həyəcanı hələ də unutmamışam”
Görmə məhdudiyyətli balaca istedad üçün yavaş-yavaş məktəb maraqsızlaşmağa başlayıb.
“VI sinifdə məktəbə gəlmək istəmirdim. İnsan inkişafın yeni mərhələsinə keçmək, yenilik istəyir”, - deyən Nihad üçün tədris sadə, proqram asan gəlib. Odur ki, məktəb balaca istedadı cəlb etməməyə başlayıb: “Həmin ildən bizə Eldar Hacıyev dərs keçməyə başladı və mənim məktəbə münasibətim dəyişdi. Həmin il ilk dəfə fənn müsabiqələrinə qatıldım. Çox həyəcanlanmışdım və o həyəcanı hələ də unutmamışam. Ondan sonra buraxılış imtahanlarına qatıldım, həmin həyəcanı onda belə hiss etmədim”.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında nəzərdə tutduğu kimi 700 bal toplaya bilməməsini bir sıra subyektiv amillərlə izah edir ki, bunlardan biri də imtahan və yarışlarda oxuyucu problemi və onların taleyinin müəyyən qədər bu problemdən asılı qalmasıdır.
Universiteti fərqlənmə diplomu ilə bitirdi
İnternat məktəbindən məzun olduğu il ali təhsil müəssisələrinə qəbul imtahanlarına qatılıb. İlk imtahandakı nəticəsindən daha yüksək bal toplamaq üçün ikinci şansından da istifadə edib. Qarşısına qoyduğu 700 bal toplamaq hədəfinə nail ola bilməsə də, məzun olduğu məktəbin rekorduna imza atıb, ən yüksək nəticə - 596 bal toplayıb. O, universitetdə də yüksək nəticəyə nail olub. Bu il ali məktəbi - Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib: “99 bal orta müvəffəqiyyət göstəricisi ilə bitirdim. Bu il məzun olan 6000 tələbə arasında cəmi bir neçə nəfər 99-dan yuxarı nəticə göstərib”.
“4 ildə 3 sertifikat qazandım”
Nihadın fikrincə, indiki imkanlar onun dövründə də olsaydı, o, daha böyük nailiyyətlərə imza atardı: “Universitetdə təhsil aldığım 4 ildə 3 sertifikat qazandım, məktəbdə təhsil aldığım 12 il ərzində isə cəmi 1 sertifikatım oldu. Cəmi bir dəfə bilik yarışına qatıldım, onda da təcrübəsizliyim, həmin mühitdə yeni olmağım, həyəcanımı idarə edə bilməməyim öz sözünü dedi”.
Universitetlərarası yarışlarda uğur qazansa da, məktəbdə bu mühitə hazırlaşdırılmadığı üçün arzuladığı, əldə edə biləcəyi böyük nailiyyətləri qazana bilməyib: “Yarışa insan məktəbdə hazırlanmalıdır. Olimpiada çətin, qorxulu deyil, sadəcə mühit mənim üçün qeyri-müəyyən idi. Orada uğur qazana bilməyim üçün mütəmadi belə yarışlara qatılmalı idim”.
Universitet həyatını rəngləndirdi
Nihad deyir ki, istedadını ən çox universitet mühitində inkişaf etdirməyi bacarıb: “Universitetin ilk 2 ili xüsusilə unudulmaz oldu. Universitet həyatı mənim üçün çox maraqlı idi. Əslində, mən elə böyük, qeyri-adi işlər görmürdüm, amma universitetdə məni qiymətləndirirdilər”.

Yaxşı səsi olduğunu deyən Nihad özünün başqa istedadlarının, bacarıqlarının da universitetdə üzə çıxdığını deyir: “Universitetə daxil olandan sonra mövzu götürür, qrup qarşısında özümü itirmədən, sərbəst çıxış edirdim. Universitet mühitində liderlik qabiliyyətim ortaya çıxdı, məni komandaya kapitan təyin etməyə başladılar. “Sən bunu yaxşı bacarırsan”, - deyib məni önə çıxartdılar. Sonra fərqinə vardım ki, qrupu özümlə aparmaq bacarığım var”.
Arzularını Dövlət Proqramı ilə reallaşdırmağı planlaşdırır
“Məktəblilər üçün yaradılan şərait bizim dövrümüzdə də olsaydı, indi dünyanın harasında olardım”, - deyə təəssüflənən Nihad, görəsən, harada olmağı arzulayıb? Orada olmaq üçün qarşısına hansı məqsədlər qoyub?
“Azərbaycan müəllimi”nə planlarından danışan Nihad Əlizadə deyir ki, bütün dünyada tanınan riyaziyyatçı olmaq əsas hədəfi olub. Bu hədəfinə çatmaq üçün çalışmalara başlayıb: “Gələcəkdə şansım olarsa, ABŞ, Böyük Britaniya, yaxud Kanadada təhsilimi davam etdirməyi arzulayıram. Bu arzumu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" ilə reallaşdırmağa çalışacağam. Bu məqsədlə hazırda ingilis dili səviyyəmi artırmaq istiqamətində işləyirəm. İxtisasım üzrə hazırlaşmağa ehtiyacım yoxdur, əksinə özüm hazırlaşdırıram”.
Nihadın gələcəkdə yaşamaq istədiyi bir ölkə də var: “İspaniyada yaşamaq istəyərdim”.




