Dünyanın ən nüfuzlu universitetləri əlçatmaz deyil - KAIST-ə qəbul olan dünya birincisi
2025-ci il oktyabrın 4-də keçirilən beynəlxalq səviyyəli SAT imtahanında maksimum nəticə (1600 bal) toplayaraq dünya birincisi olan lənkəranlı gənc Musa Camalov növbəti böyük uğuruna imza atıb. O, dünyanın aparıcı texnologiya universitetlərindən biri olan Cənubi Koreyanın KAIST Universitetinə tam təqaüdlə qəbul olunub. Musanın məktəb və həyat yoluna nəzər salanda görünür ki, bu nailiyyət illərlə davam edən zəhmətin, məqsədyönlü çalışmanın və böyük iradənin nəticəsidir.
“Qürur, sevinc və məsuliyyət hissi eyni anda yaşandı”
Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi olan Musa hisslərini və bu mövzuda fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşüb. Musa deyir ki, KAIST-ə qəbul xəbəri onun üçün sadəcə sevinc deyil, eyni zamanda böyük məsuliyyət deməkdir: “KAIST kimi dünyanın aparıcı texnologiya universitetlərindən birinə tam təqaüdlə qəbul olunmaq mənim üçün illərlə çəkilən zəhmətin, yuxusuz gecələrin və davamlı çalışmanın real nəticəyə çevrilməsi deməkdir. Bu xəbəri ilk eşidəndə sözün əsl mənasında inana bilmədim. Qürur, sevinc və məsuliyyət hissi eyni anda yaşandı. Özümü təkcə şəxsi uğur qazanan biri kimi yox, eyni zamanda ölkəmi beynəlxalq səviyyədə təmsil edəcək bir gənc kimi hiss etdim”.
Musanın bu nöqtəyə gəlməsində robot texnologiyaları sahəsində qazandığı beynəlxalq uğurların xüsusi rolu var. Dünyanın ən böyük robot yarışları onun gələcək yolunu dəqiqləşdirən əsas mərhələlərdən olub: “FLL və VEX Robotics yarışlarında qazandığım beynəlxalq uğurlar mənim texnologiyaya və mühəndisliyə olan marağımı sadəcə həvəs səviyyəsindən peşəkar məqsəd səviyyəsinə qaldırdı. Bu yarışlar mənə problem həll etməyi, komanda ilə işləməyi və real mühəndislik yanaşmasını öyrətdi. Məhz bu təcrübələr KAIST-də mühəndislik və robot texnologiyaları istiqamətini seçməyimdə əsas rol oynadı”.
“Özümü mühəndis və tədqiqatçı kimi görürəm”
Gənc istedad gələcəyə də aydın baxışla nəzər salır: “Gələcəkdə özümü ağıllı robot sistemləri, avtomatlaşdırma və süni intellektlə inteqrasiya olunmuş texnologiyalar üzərində çalışan bir mühəndis və tədqiqatçı kimi görürəm”.
Musa Camalovun uğur yolu bu gün minlərlə azərbaycanlı şagird üçün motivasiya mənbəyidir. O, xaricdə təhsil almağı hədəf seçən gənclərə belə mesaj verir: “Mənim yolum göstərir ki, düzgün istiqamət, ardıcıl zəhmət və özünəinam olduqda azərbaycanlı bir şagird üçün dünyanın ən nüfuzlu universitetləri əlçatmaz deyil. Həmyaşlarıma əsas mesajım budur: imkanların azlığı bəhanə olmamalıdır, əsas olan davamlılıq və məqsədə sadiqlikdir. Beynəlxalq yarışlar, akademik nəticələr və şəxsi inkişaf üzərində sistemli işləyən hər bir gənc xaricdə təhsil almaq arzusunu reallığa çevirə bilər”.
Lənkərandan başlayan bu yol bu gün KAIST-ə, sabah isə dünyanın aparıcı texnologiya mərkəzlərinə uzanır. Musa Camalovun hekayəsi sübut edir ki, böyük hədəflər coğrafiya tanımır, yetər ki, inam, zəhmət və məqsəd olsun.



