AzTU komandası “Türk Forum 2026”nın finalına vəsiqə qazanıb
Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunun hazırladığı “Türk dünyası üçün ağıllı yol təhlükəsizliyi və avtomatik qəza bildiriş sistemi” layihəsi beynəlxalq “Türk Forum 2026” proqramının final mərhələsinə vəsiqə qazanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, türkdilli dövlətlərdən proqrama təqdim olunan 300-dən çox layihə arasından iki kateqoriya üzrə 21 layihə final mərhələsinə seçilib. AzTU komandasının təmsil olunduğu mühəndislik kateqoriyası üzrə isə 9 layihə finalda təqdim ediləcək.
Layihənin əsas məqsədi Azərbaycan və Türkiyədə pilot tətbiqlərə başlanılması, daha sonra isə digər türk dövlətlərinin ehtiyaclarına uyğunlaşdırılması mümkün olan modulyar və iqtisadi baxımdan əlçatan yol təhlükəsizliyi həllinin yaradılmasıdır.
Layihənin rəhbəri texnika elmləri doktoru dosent Fuad Daşdəmirov, icraçıları isə Ülvi Cavadlı, Turan Verdiyev və Nuru Daşdəmirlidir.
AzTU komandasının beynəlxalq proqramın final mərhələsinə yüksəlməsi universitetin mühəndislik və innovasiya sahəsindəki fəaliyyətinin beynəlxalq platformada təqdim olunması baxımından əhəmiyyət daşıyır.




