Xarici diplomların tanınması üçün bu dillərdə olan sənədlərin tərcüməsinə ehtiyac yoxdur
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üçün təqdim edilən türk, rus və ingilis dillərindəki sənədlərin Azərbaycan dilinə tərcümə olunması və notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsildə Keyfiyyətin Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
Bildirilib ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir.
Qaydaların 2.5-ci bəndinə əsasən, türk, rus və ingilis dillərində təqdim edilmiş xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının və onlara əlavələrin Azərbaycan dilinə tərcüməsi, eləcə də notariat qaydasında təsdiq edilməsi tələb olunmur.
Agentlikdən bildirilib ki, müraciətlərin ekspertizası zamanı bəzi vətəndaşların bu dillərdə tərtib edilmiş sənədləri də Azərbaycan dilinə tərcümə etdirərək notariat qaydasında təsdiq olunmuş formada təqdim etdikləri müşahidə edilir.
Vətəndaşların əlavə xərc və vaxt itkisinin qarşısının alınması, eləcə də tanınma prosedurunun daha operativ həyata keçirilməsi məqsədilə bir daha diqqətə çatdırılıb ki, qeyd olunan üç dildə hazırlanmış sənədlər birbaşa, tərcümə və notariat təsdiqi olmadan təqdim edilə bilər.
Qeyd olunub ki, bu tələb yalnız türk, rus və ingilis dillərində tərtib edilmiş sənədlərə şamil olunur. Digər dillərdə olan sənədlərin Azərbaycan dilinə tərcüməsi və tərcümənin notariat qaydasında təsdiqlənməsi isə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.




