Rektor: Qərbi Azərbaycana qayıdış qarşıdurma yox, sülh gündəliyinin bir hissəsidir 

3 İyun, 2026 - 10:42
Rektor: Qərbi Azərbaycana qayıdış qarşıdurma yox, sülh gündəliyinin bir hissəsidir 

Azərbaycan xalqı son illərdə öz tarixinin ən mühüm mərhələlərindən birini yaşayır.

“Azərbaycan nüəllimi" xəbər verir ki, bunu "Qərbi Azərbaycana qayıdış: Milli ideyanın yeni mərhələsi kimi" I Beynəlxalq Konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib. 

Onun sözlərinə görə, 2020-ci ildə əldə edilmiş tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində dönüş nöqtəsi olub: "2023-cü ildə isə Azərbaycan bütün əraziləri üzərində dövlət suverenliyini tam təmin edib. Hazırda işğaldan azad edilmiş torpaqlarda şəhərlər, kəndlər yenidən qurulur, insanlar doğma yurdlarına qayıdır, həyat bərpa olunur. Ölkəmizin qazandığı tarixi qələbələr Qərbi Azərbaycandan müxtəlif dövrlərdə zorla çıxarılmış, öz tarixi torpaqlarından didərgin salınmış soydaşlarımızın taleyini bir daha gündəmə gətirir".

Rektor Azərbaycan Prezidenti İlham Əliyevin “Söhbət tanklarla qayıdışdan getmir, söhbət avtomobillərlə, sülh yolu ilə, ləyaqətli və təhlükəsiz qayıdışdan gedir”, - fikrinin yeni dövrün fəlsəfəsi və qarşımızda dayanan yol xəritəsi olduğunu bildirib: “XXI əsrdə tarixi ədalət yalnız güclə deyil, hüquq, diplomatiya, beynəlxalq mexanizmlər və sülh gündəliyi ilə təmin olunur. 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı ziyalılarla görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin görüşdə qayıdışın ideoloji, siyasi və hüquqi konturları daha aydın şəkildə ifadə edildi. Sonrakı mərhələdə formalaşdırılmış Qayıdış Konsepsiyası isə bu istiqamətdə aparılan fəaliyyətin nəzəri və praktik əsaslarını müəyyən edən mühüm sənədə çevrildi. Qərbi Azərbaycana qayıdış məsələsi yalnız milli gündəlik deyil, beynəlxalq humanitar hüquq, insan hüquqları, öz torpaqlarından didərgin düşmüş soydaşlarımızın geri dönüşü kontekstində araşdırılması vacib olan elmi istiqamətlərdir. Azərbaycan artıq münaqişədən çıxmış ölkə deyil. Azərbaycan eyni zamanda postmünaqişə quruculuğu modeli təqdim edən dövlətdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa prosesi, “ağıllı kənd” layihələri, infrastrukturun yenidən qurulması, dağıdılmış məskənlərin yaşayış və inkişaf məkanına çevrilməsi dünyada nadir nümunələrdən biridir. Ölkəmiz regionda yeni sülh arxitekturasının formalaşması istiqamətində ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, sülh gündəliyi bütövlükdə regionun gələcəyini müəyyən edən strateji seçimdir. Məhz buna görə Qərbi Azərbaycana qayıdış məsələsi qarşıdurma yox, sülh gündəliyinin bir hissəsi kimi təqdim olunur. Qayıdış ideyası revanşizm, münaqişənin davamı deyil, hüquqa söykənən tarixi ədalət çağırışı, uzunmüddətli sülh və etimad üçün yeni imkanların axtarışıdır”.

Rektor vurğulayıb ki, bu məsələdə milli yaddaşın qoruyucuları olan ali təhsil müəssisələrinin üzərinə xüsusi missiya düşür: “Tarixi sənədlərin toplanması, hüquqi bazanın gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıq, arxiv materiallarının sistemləşdirilməsi, toponimika, etnoqrafiya, mədəni irs, insan hüquqları və beynəlxalq hüquq istiqamətlərində araşdırmaların genişləndirilməsi mühüm vəzifələr olaraq qalır. BDU-da 2023-cü ildə yaradılmış Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi də məhz bu amala xidmət edir. Mərkəzin əsas vəzifəsi Qərbi Azərbaycan irsinin öyrənilməsi, elmi, tarixi, mədəni və hüquqi araşdırmaların aparılması və təbliğ edilməsidir. Mərkəz Qərbi Azərbaycanla bağlı məlumatları sistemli şəkildə öyrənərək akademik müstəvidə təqdim edir. Qərbi Azərbaycanın tarixi, toponimləri, folkloru, dialekt və şivələrinin araşdırılması, deportasiya və köç proseslərinin elmi şəkildə öyrənilməsi istiqamətlərində, Qayıdış Konsepsiyası ilə bağlı elmi-tədqiqat işləri aparılır. Qərbi Azərbaycan irsinin tələbə gənclər arasında təbliği əsas məqsədlərimizdən biri kimi diqqət mərkəzində saxlanılır. Bu işdə Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə layihələr xüsusi əhəmiyyət kəsb edir. Əminik ki, BDU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” I Beynəlxalq elmi konfransı da yeni ideyaların yaranmasına, elmi əməkdaşlığın genişlənməsinə və Qərbi Azərbaycana qayıdış mövzusunun beynəlxalq elmi diskursda daha geniş yer almasına mühüm töhfə verəcək”.