Elektron təhsil sənədlərinin tətbiqinə dair təlimlər keçirilib

9 İyun, 2026 - 09:59
Elektron təhsil sənədlərinin tətbiqinə dair təlimlər keçirilib

4–5 iyun tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər şəxsləri və məsul əməkdaşları üçün təlimlər keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, təlimlər elektron təhsil sənədlərinin verilməsinə hazırlıq məqsədilə təşkil olunub.

Təlim zamanı iştirakçılara “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron təhsil sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və məzunlara təqdim edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Həmçinin təhsil sənədlərinin formalaşdırılması prosesində ali və orta ixtisas təhsili müəssisələrinin üzərinə düşən vəzifələr, məlumatların sistemə daxil edilməsi, yoxlanılması və prosesin düzgün icrası ilə bağlı əsas məqamlar diqqətə çatdırılıb.

Təlimlər çərçivəsində iştirakçıların sualları cavablandırılıb və prosesin növbəti mərhələləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2026-cı il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları”nın tətbiqi çərçivəsində təşkil olunub.