Əli Əhmədov: Ölkənin inkişafının başlıca mənbəyi elm, bilik və müasir texnologiyalardır
“Heydər Əliyev həmişə vurğulayırdı ki, hazırkı dövrdə əsas dayağımız və istinad nöqtəmiz gənclərdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov 20 nömrəli məktəb-liseydə keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, Heydər Əliyevin gənclərə əsas tövsiyələri Vətəni sevmək, vətənpərvər olmaq, eyni zamanda elmə, biliklərə, müasir texnologiya və bacarıqlara yiyələnmək idi.
Əli Əhmədov bildirib ki, Azərbaycan gəncliyi ötən illər ərzində ideyalarına sadiq qalaraq onun vəsiyyətini unutmur, vətənpərvər vətəndaş kimi formalaşır və ən müasir biliklərə yiyələnməyə çalışır.
“Bu gün dünyanın inkişafının əsas mənbəyi elm, bilik və müasir texnologiyalardır. O da gənclərimizə tövsiyə edir ki, ən müasir biliklərə yiyələnsinlər və bu biliklərdən istifadə edərək Azərbaycanın iqtisadiyyatının və ictimai həyatının bütün sahələrinin inkişafına öz töhfələrini versinlər”, – deyə əlavə edib.



