Əmək bazarının yeni tələbləri: Hansı bacarıqlar önə çıxır?
Əmək bazarında yeni peşə və bacarıqlara tələbatın dəyişməsi kadr hazırlığında da bu ehtiyacların nəzərə alınmasını zəruri edir. Xüsusilə peşə təhsili və qısamüddətli ixtisasartırma proqramlarının işəgötürənlərin gözləntilərinə uyğun qurulması gənclərin praktik bacarıqlar qazanması və məşğulluq imkanlarının genişlənməsi baxımından əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil məsələləri üzrə mütəxəssis Vüsət Əzizov bildirib ki, peşə təhsilində əsas məsələlərdən biri tədris proqramlarının işəgötürənlərin real ehtiyacları ilə uzlaşdırılmasıdır.
Onun sözlərinə görə, əmək bazarında müxtəlif sahələr üzrə həm ixtisaslı kadrlara, həm də konkret praktiki bacarıqlara malik mütəxəssislərə ehtiyac müşahidə olunur:
“2025-ci il üzrə Milli Observatoriyanın təhlilinə əsasən, ən çox vakansiya topdan və pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, ictimai iaşə və tikinti sahələrində qeydə alınıb. Satış təmsilçisi, mühasib, satınalma və təchizat mütəxəssisi, sürücü, aşpaz və elektrik ustası kimi peşələrə tələbat yüksək olub. İKT, mühəndislik, proqramlaşdırma, memarlıq və layihə idarəçiliyi sahələrində isə daha yüksək əməkhaqqı göstəriciləri müşahidə edilib”.
V.Əzizov qeyd edib ki, əmək bazarının tələbləri nəzərə alınmaqla peşə təhsili proqramlarının mütəmadi yenilənməsi gənclərin gələcək məşğulluq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir:
“İşəgötürən üçün diplomla yanaşı, məzunun konkret işi yerinə yetirmək bacarığı da mühüm əhəmiyyət daşıyır. Buna görə əmək bazarının gələcək ehtiyaclarının əvvəlcədən təhlil olunması, həmin istiqamətlər üzrə qəbul və tədris proqramlarının formalaşdırılması vacibdir. Peşə və kvalifikasiya standartlarının əmək bazarının tələblərinə uyğun hazırlanması da bu istiqamətdə mühüm mexanizmlərdəndir. 2026-cı ilin ilk yarısında prioritet peşələr üzrə 138 yeni peşə və kvalifikasiya standartının təsdiqlənməsi görülən işlərin davamlı xarakter daşıdığını göstərir”.
Mütəxəssis hesab edir ki, peşə təhsilində nəzəri biliklərlə praktiki hazırlığın paralel aparılması məzunların əmək bazarına daha hazırlıqlı çıxmasına imkan yaradır:
“Təhsil müəssisəsində öyrənmə, müəssisədə praktika və real işə keçid arasında əlaqənin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Tələbənin təhsil müddətində gələcək iş yerində istifadə edəcəyi avadanlıq və texnologiyalarla işləmək imkanının olması onun peşə hazırlığını daha da gücləndirir”.
V.Əzizov əlavə edib ki, müasir əmək bazarında texniki və peşə bacarıqları ilə yanaşı, ünsiyyət, komandada işləmək, problem həll etmək, rəqəmsal savadlılıq və əmək intizamı kimi bacarıqlar da ön plana çıxır. Bu səbəbdən həmin kompetensiyaların tədris proqramlarında nəzərə alınması məzunların əmək bazarına uyğunlaşmasına əlavə imkan yaradır.
Qısamüddətli ixtisasartırma proqramlarından danışan mütəxəssis bildirib ki, bu format sürətlə dəyişən əmək bazarında insanların yeni bacarıqlara daha çevik yiyələnməsinə şərait yarada bilər:
“Xüsusilə İKT və rəqəmsal bacarıqlar, mühasibatlıq, satış və müştəri xidmətləri, logistika və anbar idarəçiliyi, elektrik və texniki xidmət, avtomobil təmiri, tikinti, iaşə, turizm və müxtəlif istehsal istiqamətlərində qısamüddətli proqramlara ehtiyac var. Süni intellekt alətlərindən istifadə, rəqəmsal marketinq, məlumatlarla işləmə və ofis proqramları üzrə bacarıqlar da müxtəlif sahələrdə çalışan şəxslər üçün əlavə üstünlük yarada bilər”.
Onun sözlərinə görə, belə proqramların əsas məqsədi iştirakçılara əmək bazarında tətbiq edə biləcəkləri konkret praktiki bacarıqlar qazandırmaq olmalıdır:
“Nümunə olaraq, mühasibatlıq proqramını başa vuran şəxs real mühasibat proqramlarında işləməyi, elektrik üzrə təlim keçən iştirakçı təhlükəsizlik qaydalarına uyğun praktiki iş görməyi, logistika üzrə hazırlıq keçən şəxs isə anbar və təchizat proseslərinin əsas prinsiplərini bilməlidir”.
V.Əzizov işəgötürənlərin qısamüddətli proqramların hazırlanmasına cəlb edilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, işəgötürənlərin ehtiyaclarının əvvəlcədən nəzərə alınması təlimlərin məzmununun real əmək bazarı ilə daha sıx əlaqələndirilməsinə və iştirakçıların məşğulluq imkanlarının artmasına kömək edə bilər:
“2025-ci il üzrə geniş vakansiya təhlilində vakansiyaların 76,2 faizində iş təcrübəsinin tələb olunması praktiki hazırlığın əhəmiyyətini bir daha göstərir. Buna görə qısamüddətli proqramlarda praktika, staj və işəgötürənlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsi xüsusilə vacibdir. Əsas məqsəd məzunun yalnız sertifikat əldə etməsi deyil, əmək bazarında tələb olunan konkret bacarıqlara yiyələnərək həmin bacarıqları praktik fəaliyyətdə tətbiq edə bilməsidir”.




