Əməkdaşlığımızın  mərkəzində Azərbaycan müəllimlərinin peşəkarlığının artırılması dayanır - “Google” rəsmisi

20 Aprel, 2026 - 16:50
Əməkdaşlığımızın  mərkəzində Azərbaycan müəllimlərinin peşəkarlığının artırılması dayanır

“Elm və Təhsil Nazirliyi və “Google” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində təqdim olunan yeniliklər müəllimlərin işini daha səmərəli təşkil etməyə və müasir tədris yanaşmalarının tətbiqini dəstəkləməyə yönəlib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Google for Education” üzrə regional rəhbər Anna Artemyeva süni intellekt alətlərinin tətbiqi ilə bağlı danışarkən qeyd edib.

Regional rəhbər əlavə edib ki, “Google for Education”ın Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığının mərkəzində Azərbaycan müəllimlərinin peşəkarlığının artırılması dayanır: “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Gemini” və “NotebookLM” kimi süni intellekt əsaslı alətləri, həmçinin geniş “Workspace” platformamızı birbaşa “Rəqəmsal məktəb” mühitinə inteqrasiya etməkdən məmnunuq. Bu texnologiyalar müəllimlər üçün düşüncə tərəfdaşı rolunu oynamaq, dərs planlaşdırılmasını sadələşdirmək, tədrisi fərdiləşdirmək və ən əsası, onların vaxtına qənaət edərək diqqətlərini əsas məqsədə — şagirdlərini ilhamlandırmağa yönəltmələrinə imkan yaratmaq üçün nəzərdə tutulub”.

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Google şirkəti arasında qurulan əməkdaşlıq çərçivəsində yaradılan “Rəqəmsal məktəb” platformasında müəllimlər üçün yeni imkanlar yaradılıb. Bu platformada qeydiyyatdan keçmiş müəllimlər “Google”un geniş alətlər toplusuna, o cümlədən süni intellekt əsaslı həllərə ödənişsiz çıxış əldə edirlər. Yaradılmış imkanlar müəllimlərin gündəlik işini daha səmərəli təşkil etməyə və tədris prosesini zənginləşdirməyə kömək edir.

İnteqrasiya olunan alətlər arasında xüsusi yer tutan “Gemini” və “NotebookLM” müəllimlər üçün praktik və gündəlik istifadə yönümlü imkanlar təqdim edir.

“Gemini” dərs planlarının hazırlanmasında, mövzuların izahında və qiymətləndirmə tapşırıqlarının yaradılmasında müəllimlərə dəstək olaraq dərsə hazırlıq prosesini sürətləndirir və məzmunun daha strukturlaşdırılmış şəkildə təqdim edilməsinə kömək edir.
“NotebookLM” müəllimlərin öz materialları əsasında işləməsinə imkan verərək yüklənmiş sənədlər üzrə xülasələrin hazırlanması, əsas məqamların müəyyənləşdirilməsi və sualların yaradılması kimi funksiyalar vasitəsilə materiallarla işi daha effektiv edir.