Emin Əmrullayev: 30 ildən çoxdur ki, qəbul imtahanları şəffaf keçirilir

10 Aprel, 2026 - 10:49
Emin Əmrullayev: 30 ildən çoxdur ki, qəbul imtahanları şəffaf keçirilir

"DİM-in formalaşdırdığı məlumat bazası cəmiyyət üçün “böyük xəzinə” hesab olunur". 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti çərçivəsində toplanan məlumatlar cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Bu informasiya yalnız ali və digər təhsil müəssisələrinə qəbul zamanı əldə olunan üçrəqəmli ballarla məhdudlaşmır. Əksinə, həmin məlumatlar növbəti mərhələlərdə – dövlət qulluğunda və müxtəlif dövlət funksiyalarının icrasında səmərəli və keyfiyyətli qərarların qəbul edilməsi üçün dəyərli mənbə rolunu oynayır.

Nazir diqqətə çatdırıb ki, bu “məlumat xəzinəsi” davamlı olaraq zənginləşir, hər il və hər ay daha da artır və öz dəyərini yüksəldir. Bu baxımdan Azərbaycan cəmiyyətinin Dövlət İmtahan Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirməsi və qurumun rəhbərliyi ilə kollektivinə minnətdarlıq etməsi vacibdir.

Çıxışında ədalət prinsipinə də toxunan nazir bildirib ki, müstəqillik illərində ali və digər təhsil müəssisələrinə qəbul prosesində ciddi dəyişikliklər həyata keçirilib. Artıq 30 ildən çoxdur ki, qəbul prosesi şəffaf və məsuliyyətli şəkildə təşkil olunur.

Emin Əmrullayev qeyd edib ki, milyonlarla vətəndaş məhz bu ədalətli imtahan sistemi sayəsində ali və digər təhsil pillələri üzrə təhsil alıb. Onların bir qismi hazırda dövlət qulluğunda, o cümlədən xüsusi dövlət xidmətlərində fəaliyyət göstərir və biliklərinin qiymətləndirilməsi də Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Nazir sonda vurğulayıb ki, imtahanların təşkili və biliklərin ölçülməsi prosesi yalnız məlumat toplanması ilə məhdudlaşmır, eyni zamanda ayrı-ayrı fərdlərin həyatında müsbət və bəzən köklü dəyişikliklərə səbəb olan mühüm dövlət mexanizmi kimi çıxış edir.